Accessibility links

İran-Azərbaycan münasibətlərinin perspektivləri müzakirə edilib


Yanvarın 12-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ayrı-ayrılıqda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin Teleqram kanalında məlumat yayılıb.

Məlumatda deyilir ki, görüşlərdə ikitərəfli münasibətlərdə son inkişaflar və gələcək perspektivlər müzakirə edilib.

Abbas Musəvi, Hikmət Hacıyev və Samir Şərifov (Mənbə: İran səfirliyi)
Abbas Musəvi, Hikmət Hacıyev və Samir Şərifov (Mənbə: İran səfirliyi)

Xəbərdə görüşlərdə müzakirə edilən məsələlərin detallarından bəhs edilmir.

Azərbaycan tərəfi görüşlərlə bağlı hələ məlumat yaymayıb.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində çoxsaylı telefon danışıqları aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

2023-cü il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb. Bu layihənin həyata keçirlməsi həmçinin Sovet İttifaqı dövründə mövcud olan Moskva-Tehran dəmir yolunun açılması deməkdir. Sovetlər dövründə dəmir yolunun bu hissəsi Ermənistan ərazisindən keçirdi. Ermənistan Birinci Qarabağ müharibəsi zamanı, 1991-ci ildən dəmir yolunun bu hissəsini bağlayıb. İkinci Qarabağ müharibəsindən (2020-ci il) sonra da dəmir yolunun Ermənistandan keçən hissəsinin açılması danışıqların əsas mövzularından biridir. Amma hələ ki, Ermənistan tərəfi ilə razılıq əldə edilməyib.

2023-cü il dekabrın 30-da Azərbaycanın İranla sərhədində (Bakıdan 281 kilometr cənub) Astara çayı üzərində yeni inşa edilmiş avtomobil körpüsü və piyada keçidinin açılışı olub.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG