Accessibility links

HRW COP29 öncəsi insan haqlarının müdafiəsinə çağırır


COP29 Climate Summit
COP29 Climate Summit

Human Rights Watch Azərbaycan hökumətinin tənqidi səslərə qarşı repressiyalarının müstəqil vətəndaş cəmiyyətinin BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransında məzmunlu iştirakını sual altında qoyduğunu bildirir.

Beynəlxalq insan hüquqları təşkilatı COP29-la bağlı sentyabrın 24-də yaydığı məlumatında Azərbaycan hakimiyyətini ifadə və dinc toplaşma kimi əsas azadlıqları təmin etməyə, siyasi motivli ittihamlarla həbs edilmiş jurnalistləri və fəalları dərhal və qeyd-şərtsiz azad edərək vətəndaş cəmiyyətinin qlobal konfransda hərtərəfli və məzmunlu iştirakına şərait yaratmağa çağırıb.

“Artıq üçüncü ildir ki, COP söz və dinc toplaşmaq azadlığını ciddi şəkildə məhdudlaşdıran repressiv dövlətdə keçirilir. Azərbaycanda keçiriləcək COP29-da iştirak edən hökumətlər ədalətli və iddialı iqlim fəaliyyəti üçün müstəqil səslərin məzmunlu iştirakının vacib olmasına dair aydın mesaj verməyə hazır olmalıdırlar”, Human Rights Watch təşkilatının nümayəndəsi Mirto Tilianaki deyib.

Məlumatda bildirilir ki, Azərbaycandakı avtoritar hökumət tənqidi səslərə dözümsüz yanaşır, son aylar müstəqil jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalar həyata keçirib. Bu isə müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinin, fəalların, insan hüquqları müdafiəçilərinin və jurnalistlərin COP29-da məzmunlu iştirakı ilə bağlı narahatlıq artırır.

“Azərbaycan hakimiyyətinin azad sözü boğmaq, dinc etirazları tez və çox vaxt vəhşicəsinə dağıtmaq, zərərli qanunlardan sui-istifadə edərək müstəqil qeyri-hökumət təşkilatlarını iflic etmək kimi çoxillik təcrübəsi var. Hakimiyyət uzun illərdir ki, hökuməti tənqid edənlərdən, xüsusən də korrupsiya və insan haqları pozuntularını ifşa edənlərdən onları həbs etməklə qisas alır”, HRW qeyd edir.

Təşkilat 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində ekoloji vəziyyətlə bağlı etirazların çevik polis tərəfindən zorakılıqla yatırıldığını, ötən ilin iyununda tanınmış iqtisadçı, anti-korrupsiya fəalı Qubad İbadoğlunun, bu ilin aprelində isə tanınmış hüquq müdafiəçisi, COP29 - Ədalət Mühiti Təşəbbüsünün həmtəsisçisi Anar Məmmədlinin saxta ittihamlarla həbs edildiyini vurğulayıb.

HRW insan hüquqlarının vəziyyəti ilə yanaşı Azərbaycan hökumətinin enerji sahəsindəki siyasəti ilə bağlı narahatlıq ifadə edib.

Sənəddə vurğulanır ki, neft və qaz gəlirləri Azərbaycanın 2022-ci il dövlət büdcəsinin 52 faizini, ixrac gəlirlərinin isə təxminən 90 faizini təşkil edib. Apreldə COP29-a hazırlıqla bağlı yüksək səviyyəli görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev əsasən Avropa İttifaqı bazarının tələblərinə cavab olaraq qaz hasilatını genişləndirmək planlarını açıqlayıb.

“Hökumətlər Azərbaycana imkan verməməlidirlər ki, COP29-un ev sahibi kimi öz mövqeyindən istifadə edərək mədən yanacağı hasilatının genişlənməsinə təkan versin, iqlim böhranı ilə mübarizə və insan hüquqlarını qoruma səylərinə zərbə vursun”, Tilianaki əlavə edib.

Azərbaycan hökuməti noyabr ayında Bakıda keçiriləcək COP29-da “inklüziv nəticələr üçün inklüziv proses”ə sadiqliyini ifadə edib.

“COP29 Sədrliyi maraqlı tərəfləri dinləyir və onlarla əməkdaşlıq edir. Sədrlik hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına, ortaq həllər vasitəsilə inklüziv nəticələrin əldə edilməsinə çalışır. Birlikdə müsbət irəliləyiş əldə edə biləcəyimizə inanırıq”, COP29 sədrliyi bəyan edib.

HRW qeyd edir ki, Azərbaycanın hakimiyyət orqanları mədən yanacaqları hasilatının mərhələli şəkildə dayandırılması və iqlim dəyişikliyi ilə mübarizənin digər əsas aspektləri haqqında inklüziv müzakirələrə imkan yaradan mühiti dəstəkləməklə bu öhdəliyi həyata keçirməlidir.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda jurnalist və fəallara qarşı artan təqiblər və həbslərlə bağlı çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər çağırışları qərəzli hesab edir, bütün hüquq və azadlıqların qorunduğunu iddia edir.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edir.

Forum

XS
SM
MD
LG