Accessibility links

ATƏT/DTİHB: Ciddi seçki pozuntularının aradan qaldırılması üçün siyasi iradə lazımdır


ATƏT-DTİHB-(logo)
ATƏT-DTİHB-(logo)

ATƏT/DTİHB Azərbaycanda prezident seçkilərinin nəticələri ilə bağlı yekun hesabat yayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT DTİHB) 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair yekun hesabat yayıb.

Sənəddə deyilir ki, seçkilər ifadə, toplaşmaq və birləşmək azadlığının məhdudlaşdırılması şəraitində keçib, bütün namizədlərə bərabər imkanlar yaradılmayıb.

Seçki kampaniyası namizədlərə qarşı ittihamlar, seçicilərin qorxudulması, media imkanlarından istifadənin məhdudlaşdırılması ilə müşayiət olunub.

Seçki günü bütün mərhələlərdə ciddi problemlər müşahidə edilib.

DTİHB müşahidəçilərinin olduqları məntələqələrin 58%-də səslərin hesablanması pis və ya çox pis aparılıb.

Məsələn, bülletenlərin qutulara topa halında atılması ilə bağlı 23 hal qeydə alınıb. 42 məntəqədə protokollar mürəkkəblə doldurulmayıb.

15 məntəqədə rəsmi protokol blankı səsvermənin nəticələri daxil edilmədən məntəqə seçki komissiyasının üzvləri tərəfindən imzalanıb.

Həmçinin məntəqə komissiyalarının protokollarının dairə komissiyasında doldurulması ilə bağlı 18 hal qeydə alınıb.

Bu problemlərin ciddiliyi ondan xəbər verir ki, Azərbaycan demokratik seçkilərin keçirilməsi ilə bağlı ATƏT qarşısındakı öhdəliklərinə əməl etmək üçün çox işlər görməlidir.

Əsasən seçki komissiyalarının formalaşdırılması prinsiplərinin dəyişdirilməsi, namizədlərin qeydiyyatı qaydalarının təkmilləşdirilməsi üzrə ATƏT DTİHB-nin tövsiyələri yerinə yetirilməyib.

Ümumilikdə Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin texniki hazırlığını təmin edib. Əsasən MSK-nın qərarları vaxtında dərc edilib, jurnalistlər və müşahidəçilər üçün açıq iclas keçirilib. Bununla belə, seçki komissiyalarının indiki tərkibi hakimiyyətin maraqları naminə qərar qəbuluna imkan verir. Bu, seçki administrasiyasının qərəzsizliyinə inamı itirir.

Hesabatda ictimaiyyətin iştirakı ilə toplaşmaq, ifadə və birləşmək azadlığı sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına yenidən baxılması tövsiyə olunur.

Obyektivlik və ictimai inam naminə “Seçki Məcəlləsi”nə dəyişiklik lazımdır, seçki komissiyaları isə bütün səviyyələrdə yenidən formalaşdırılmalıdır.
Potensial namizədlər üçün ən yaxşı imkanların yaradılmasından ötrü seçki prosesinin uzadılması vacibdir.

Həmçinin şikayətlərə və seçkilərin ümumi təşkilinə yenidən baxılması mexanizmi yenidən nəzərdən keçirilməlidir.

Hökumət seçkilərin qorxu atmosferində keçirilməsinin qarşısının alınması üzrə əlavə tədbirlər görməlidir. Bundan əlavə, “Seçki Məcəlləsi”ndə vətəndaşların KİV vasitəsilə siyasi alternativlər haqqında hərtərəfli məlumat almaq hüququ əksini tapmalıdır.
Hakimiyyət böhtan və təhqirə görə cinayət cəzasını aradan qaldırmalıdır.

Eyni zamanda bülletenlərin qutulara topa halında atılması, səsvermənin nəticələrinə dair protokolların dəyişdirilməsi kimi ciddi pozuntuların aradan qaldırılması üçün siyasi iradə lazımdır.

Mövzuya uyğun

XS
SM
MD
LG