Accessibility links

Baş Prokurorluq hesab edir ki, media Quba hadisələri ilə bağlı qərəzli informasiyalar verir


30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə, 12-si barəsində həbs, 18-i barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Onların sırasında yerli hakimiyyət orqanlarının nümayəndəsinin olub-olmaması bəlli deyil.

Baş Prokurorluğun Mətbuat xidməti Quba hadisələri ilə bağlı növbəti məlumatını yayıb. Məlumat “kütləvi informasiya vasitələrinin nəzərinə” başlığı altında yayılıb.

Mətbuat xidməti bildirir ki, martın 1-də Quba şəhərində baş vermiş məlum hadisələrin təfərrüatları ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq rəsmi məlumatların verilməsinə baxmayaraq, son günlər bəzi KİV-lərdə qeyri-rəsmi mənbələrə istinad edilməklə, hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın gedişinə mane olmaq məqsədi güdən, obyektiv reallığı əks etdirməyən qərəzli informasiyalar verilməkdədir.

Göstərilənlərlə əlaqədar bir daha bəyan edirik ki, həmin hadisələrlə bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən ötən dövr ərzində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilmişdir. Cinayət işi üzrə barələrində təkzibedilməz sübutlar toplanmış 30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlardan 12-si barəsində həbs, 18-i barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilmişdir.

Prokurorluq birmənalı şəkildə bildirir ki, qanun çərçivəsində həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı təqsirləndirilən şəxslərə qarşı qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarda ifadə olunan heç bir qanunsuz hərəkətlərə yol verilməyib. Həmçinin, “Xəyal” müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyev və icraçı direktoru Vüqar Qonaqov peşə fəaliyyətləri ilə əlaqədar deyil, Quba hadisələri zamanı Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və vəzifə səlahiyyətlərini aşma maddələrində nəzərdə tutulan konkret cinayətləri törətməkdə təqsirləndirilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bir daha tövsiyə edir ki, KİV və Qeyri-Hökumət Təşkilatları ictimaiyyətin maraq dairəsində olan və diqqətlə izlənilən informasiyaların cəmiyyətə olduğu kimi çatdırılması üçün daşıdıqları məsuliyyəti dərindən dərk etsinlər, ucuz sensasiya yaratmaq naminə qeyri-obyektivliyə yol verməsinlər.

Öz növbəsində, vəkil Elçin Sadıqov hüququnu müdafiə etdiyi “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyevlə görüşməsinə imkan verilmədiyini bildirib. Vəkil jurnalistin martın 13-dən indiyədək istintaq təcridxanasında deyil, Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma kamerasında saxlandığını deyib. “Qanunvericiliyə görə, təqsirləndirilən şəxs 72 saatdan artıq saxlanma kamerasında saxlana bilməz. Vəkilə müdafiə etdiyi şəxslə görüşmək imkanının verilməməsi də ciddi qanun pozuntusudur”, - deyə o qeyd edib.

Quba rayonundan deputat seçilmiş Vahid Əhmədov “Hürriyyət” qəzetinə müsahibəsində bu rayonun keçmiş icra başçısı Rauf Həbibovun evindən 4 milyon manat pul aşkarlandığı barədə məlumatların olduğunu deyib.

Vəkillər, ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri istintaq orqanının keçmiş icra hakimiyyəti başçısının və rayonun digər vəzifəli şəxslərinin dövlət məmuru kimi davranışına hüququ qiymət verilməsini vacib sayır. Onlar keçmiş icra hakimiyyəti başçısının daşınan və daşınmaz əmlakının əmək haqqı müqabilində dəfələrlə çox olduğunu bildirir. İstintaq icra başçısının mülkiyyətini hansı yolla qazandığına aydınlıq gətirməlidir.

Xatırladaq ki, prokurorluq orqanları indiyədək rayon rəhbərlərindən kiminsə istintaqa cəlb edilib-edilməməsi barədə ictimaiyyətə hər hansı məlumat verməyib.

Martın 1-də Qubada yerli əhali rayon icra hakimiyyəti başçısına etiraz aksiyası keçirib. Dinc aksiya sonradan qarşıdurmaya çevrilib. Sakinlər icra hakimiyyətinin binasının şüşələrini sındırıb, icra hakimiyyəti başçısı Rauf Həbibovun villasını yandırıb. Rayona daxili qoşunlar və polis qüvvələri yeridilməsinə baxmayaraq etirazçılar sakitləşməyib. Yalnız, Rauf Həbibov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra insanlar evlərinə dağılıb.

XS
SM
MD
LG