Accessibility links

Quba hadisələri ilə bağlı 10 nəfər saxlanıb (Audio)


İnsan hüquqları və qanunçuluğun müdafiəsi bürosunun rəhbəri Səidə Qocamanlı insanların həbsini pisləyir, istintaq orqanlarını vəzifəli şəxslərin fəaliyyətini araşdırmağa çağırır.

Martın 1-də Qubada baş verən qarşıdurma ilə bağlı artıq 10 nəfər həbs edilib. Turan Agentliyinin məlumatına görə, martın 17-də istintaq orqanları Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevi və şəhər bələdiyyəsinin üzvü Dəstəbəy Tərlanovu saxlayıb.
Hazırda Quba hadisələri ilə bağlı saxlanılan 10 nəfərin adı məlumdur. Bunlar Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov, Murad Zakirov, “Xəyal” televiziyasının baş direktoru, “Trend” Agentliyinin bölgə müxbiri Zaur Quliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və reklam üzrə menecer Zaur Mustafayev, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevi və şəhər bələdiyyəsinin üzvü Dəstəbəy Tərlanovdur.

Saxlanabların 3 nəfəri jurnalistdir. Belə ki, son günlər ərzində Quba hadisələri ilə bağlı saxlanılan 6 jurnalistdən 2-si azad buraxılıb. Bunlar “Poliqon” İnformasiya Agentliyinin bölgə müxbiri Cəmil Məmmədli və “Xəyal” televiziyasının montajçısı İslam Aslanovdur. Mediada adı saxlanılanlar sırasında çəkilən “Xəyal” televiziyasının texniki direktoru Vahid İbrahimov isə Amerikanın Səsi radiosuna istintaq tərəfindən saxlanmadığını deyib. “Mən özüm Bakıya müalicə üçün getmişdim. Bu səbəbdən işə çıxmadığımdan elə biliblər ki, mən də saxlanmışam. Mən ümumiyyətlə saxlanmamışam”, - deyə o qeyd edib.
“Poliqon” İnformasiya Agentliyinin müxbiri Cəmil Məmmədli saxlandığını təsdiq edib. “Məni əvvəlcə Quba rayon prokurorluğuna gətirdilər. Bir gün rayon polis şöbəsində saxladılar və Bakıya aparıb Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində izahat alıb, azad buraxdılar. İstintaq www.yotube.com saytında Quba rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun çıxışını yerləşdirən və montaj edən şəxslə maraqlanırdı”.
Beləliklə, hazırda üç jurnalist həbsdədir. Bunlar “Xəyal” televiziyasının baş direktoru, “Trend” Agentliyinin bölgə müxbiri Zaur Quliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və reklam üzrə menecer Zaur Mustafayevdir.
Baş direktor Zaur Quliyevin vəkili Səfər Hüseynov Amerikanın Səsi radiosuna bildirib ki, onun barəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində iki ay həbs-qətimkan tədbiri seçilib. “Məhkəmədə istintaq tərəfi bildirib ki, guya Quba rayon icra hakimiyyəti başçısının çıxışının montajında ardıcıllıq pozulub və çıxışdakı qeyri-etik ifadə aydın hiss edilib. Amma, çıxış icra başçısınındır. İstintaq bu barədə göstərişi kimin verməsi ilə maraqlanır. Baş direktor isə bildirib ki, həmin tədbirə operator göndərib. Lakin, sonra montajı kimin etməsi ilə maraqlanmayıb və özü də montaj etməyib”, - deyə vəkil qeyd edib.
Maraqlıdır ki, istintaq orqanları yalnız Quba olayı, yəni martın 1-də baş verən hadisələri araşdırır. Amma, hadisəni doğuran səbəblər barədə, icra hakimiyyəti başçısının və digər vəzifəli şəxslərin sakinlərin etirazına səbəb olan davranışı, daşınan və daşınmaz əmlakının mənbələri, qazanc yerləri ilə bağlı araşdırma aparılıb-aparılmaması isə məlum deyil.

İnsan hüquqları və qanunçuluğun müdafiəsi bürosunun rəhbəri Səidə Qocamanlı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, istintaq orqanı ilk öncə xalqın narazılığının səbəbini öyrənib hüquqi qiymət verməlidir. Bu qədər insanı narazı salan problemlərin aradan qaldırılması əvəzinə 10 nəfərin həbsi yolverilməzdir. İstintaq orqanları ilk öncə icra hakimiyyəti başçısının yandırılmış evini hansı vəsait hesabın tikdirdiyini öyrənməlidir. Dövlət məmurunun bu qədər vəsaiti necə qazanması barədə əhaliyə məlumat verilməlidir”,- deyə o qeyd edib.

Hüquq müdafiəçisi jurnalistlərin həbsini acı təbəssümlə qarşılayıb. “Yenə söz azadlığına qarşı çıxdılar. Hökumət nəhayət dərk etməlidir ki, sosial narazılığın kökündə azad söz durmur. Narazılığın kökündə işsizlik, məmur özbaşınalığı, rüşvə t və korrupsiya durur”.

Xatırladaq ki, martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Dinc aksiya sonradan qarşıdurma ilə müşayiət olunub. İcra hakimiyyətinin binasının pəncərələri sındırılıb, şəxsi evi yandırılıb.

Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Hadisələrdən bir neçə gün öncə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının video görüntüsü yayılıb.

Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin aparır. Amma indiyədək kimlərin tutulduğu, işin Cinayət Məcəlləsinin hansı maddələri ilə araşdırıldığı rəsmən açıqlanmayıb.

XS
SM
MD
LG