Accessibility links

Quba hadisələri ilə bağlı daha 3 nəfər həbs edilib


Qubada Vətəndaş Cəmiyyətinin İnkişafı Birliyinin rəhbəri Cəmil Məmmədli, yerli teleşirkətin əməkdaşları Zaur Quliyev və Vüqar Qonaqov («Xəyal» TV) həbs edilib.

Quba şəhərində martın 1-də baş verən kütləvi etiraz aksiyalarının səbəb və nəticələrinin istintaqı çərçivəsində hüquq-mühafizə orqanları martın 14-də daha üç yerli sakini həbs edib. Helsinki Vətəndaş Assambleyasının Bakı ofisində Turana bildiriblər ki, Vətəndaş Cəmiyyətinin İnkişafı Birliyinin rəhbəri Cəmil Məmmədli, yerli teleşirkətin əməkdaşları Zaur Quliyev və Vüqar Qonaqov («Xəyal» TV) həbs edilib. Həbs olunanların sayı artıq 8 nəfərə çatıb. Bundan öncə etiraz aksiyasının iştirakçıları Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov və Murad Zakirov həbs olunmuşdu. Alxas Danyalov və Samir Xammədov rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun evini yandırmaqda (maddə 186.1 - qəsdən əmlakı məhv etmə və maddə 233 - ictimai asayişi pozan hərəkətlərin təşkili) təqsirli bilinir.

Məlumdur ki, martın 1-də Qubada minlərlə insan rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə küçələrə çıxmışdı. O, rayon əhalisinin şərəfini təhqir etməkdə ittiham olunurdu. Asayişi təmin etmək üçün Qubaya xüsusi təyinatlı qüvvələr yeridilmişdi. Rayonda sakitlik rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefasından və saxlanılan 22 aksiya iştirakçısı azad ediləndən sonra bərpa olunmuşdu.

Yeri gəlmişkən bildirək ki, martın 15-də prezident Əliyev Mingəçevir şəhərinin icra başçısı Mübariz Ağayevi Quba rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

XS
SM
MD
LG