Accessibility links

Əkrəm Əylislinin “Daş yuxular”ı, onu təqaüdsüz qoydu (müxtəlif rəylər)


Yazıçı Əkrəm Əylisli
Yazıçı Əkrəm Əylisli

Prezident Əylislini “xalq yazıçısı” adından, prezident təqaüdündən məhrum edib

Prezident İlham Əliyev yazıçı Əkrəm Əylislinin “xalq yazıçısı” adından və Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdündən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin sərəncamında qeyd edilir ki, Əylisli müstəqillik illərində ona qarşı olan böyük etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycan tarixinin həqiqətlərini Azərbaycan yazıçısına yaraşmayan şəkildə təhrif edib.

Əkrəm Əylisli Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa çalışaraq, əsassız olaraq onu ümumbəşər dəyərlərinə qarşı yönəlmiş əməllərdə ittiham edib, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini saxtalaşdırıb,

Azərbaycanın uzaq və yaxın keçmişinə ləkə yaxıb, münaqişə nəticəsində doğma yurdlarından qovulmuş bir milyon azərbaycanlının ləyaqətini təhqir edib, deyə sərəncamda qeyd edilir.

Bunu, habelə dövlət və ictimai qurumlardan, vətəndaşlardan gələn çoxsaylı müraciətləri nəzərə alaraq, dövlət başçısı Əylislini “Xalq yazıçısı” adından məhrum edib.

İctimaiyyətin, qaçqınların və məcburi köçkünlərin çoxsaylı müraciətləri ilə əlaqədar, dövlət başçısı Əylislini Azərbaycan prezidentinin fərdi təqaüdündən də məhrum edib

Yazıçı Əkrəm Əylisli
Yazıçı Əkrəm Əylisli
Əkrəm Əylisli Amerikanın Səsi radiosuna bildirib ki, belə bir sərəncamın olacağına inamırmış.

“Belə qərarın qəbul edilməsinə təəssüf edirəm. Konstitusiya hər bir şəxsə söz azadlığı verib. Mən geniş şərh vermək istəmirəm”, o qeyd edib.

Əkrəm Əylisli bu gün Azərbaycandakı diplomatic nümayəndəliklərə də müraciət edib.

O diplomatları hakimiyyət tərəfindən təqiblərə məruz qalmasına səbəb olan “Daş yuxular” romanını oxumağa çağırıb.

“Artıq 2 həftədən çoxdur ki, Azərbaycan hakimiyyətinə məxsus bütün KİV-də “Daş yuxuları” adl bədii əsərimə görə mənə qarşı ardıcıl mənəvi terror kampaniyası aparılır. Yaşadığım evin qarşısında icazəsiz kütləvi aksiyalar keçirilir, kitablarım yandırılır, ailə üzvlərimə qarşı ədalətsiz təzyiqlər göstərilir”, - müraciətdə deyilir.

“Bu, son 100 ildə Azərbaycanın ictimai həyatında görünməmiş hadisədir və bunun hakimiyyət tərəfindən həyata keçirilməsində mənim heç bir şübhəm yoxdur. Mən bunu hakimiyyət dairələri tərəfindən söz və ifadə azadlığına qarşı analoqsuz dözümsüzlük nümunəsi sayıram”, - yazıçı qeyd edir.

Bununla əlaqədar yazıçı xarici ölkələrin diplomatik təmsilçiliklərinə – ABŞ, İngiltərə, Almaniya, Fransa, Rusiya, Norveç, İsveç, İsveçrə, Avstriya, Niderland, Ukrayna, Gürcüstan və digər ölkələrin səfirliklərinə, eləcə də Avropa İttifaqı, ATƏT və Avropa Şurasının nümayəndəliklərinə müraciət edərək romanla tanış olmağı və münasibət bildirməyi xahiş edir.

İctimai Palata, İnsan Hüquqları Klubu və Media Hüququ İnstitutu da yazıçıya qarşı olan kampaniyaya münasibət bildirib.

İnsan Hüquqları Klubu və Media Hüququ İnstitutunun bəyanatında deyilir ki, “Daş yuxular” əsəri böyük müzakirələr doğurub, Əkrəm Əylisliyə qarşı hökumət səviyyəsində rəsmi təzyiq kampaniyası onun ailə üzvlərini də əhatə edib.

“Yazıçıya qarşı ölkə parlamenti və hakim siyasi qrupların televiziyalarda apardığı qeyri-etik qaralama kampaniyasına hökumətin başqa qurumları da qoşulub.
Yazıçının dövlət qurumlarında işləyən oğlu və həyat yoldaşı iş yerlərini itirmək məcburiyyətində qalıb.

Yazıçıya qarşı rəsmi təzyiqlərin tərkib hissəsi olaraq Mədəniyyət Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Akademik Dram Teatrı onun pyesinin tamaşaya qoyulmasını qadağan edib”.

İnsan Hüquqları Klubu və Media Hüququ İnstitutu Azərbaycan hakimiyyətindən yazıçıya qarşı bu cür addımları dayandırmağı, ölkə konstitusiyasına və qanunlarına hörmət etməyi tələb edir.

Müxalif İctimai Palatanın bəyanatında deyilir ki, yazıçı Əkrəm Əylislinin azərbaycanlı-erməni münasibətləri mövzulu “Daş yuxular” romanı cəmiyyətdə təpki ilə qarşılanıb, kəskin neqativ rəy və hərəkətlərə səbəb olub. Yazıçının özü və ailəsi həm də rəsmi hakimiyyətin repressiyası ilə üzləşib.

“İctimai Palata hər kəs kimi Əkrəm Əylislinin də ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeyd-şərtsiz tanıyır. Eyni zamanda əsərdə azərbaycanlı- erməni münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan tarixinin saxtalaşdırılmasına, milli, mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir”, sənəddə qedy edilir.

İqtidarda olan Yeni Azərbaycan Partiyası isə yazıçı Əkrəm Əylislinin fərdi təqaüd və "Xalq yazıçısı" adından məhrum edilməsini alqışlayıb.

”Əkrəm Əylisli "əsəri" ilə Azərbaycan xalqını aşağıladı, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar yanlış erməni versiyasını bir daha bədii obrazlar qismində ifadə etdi”, deyə YAP İcra katibinin müavini Mübariz Qurbanlı bildirib.
XS
SM
MD
LG