Accessibility links

Bulut Ələmdar: Hakimiyyət türk fəalların Tehranda effektiv olmasından qorxur


Bulut Ələmdar

Son vaxtlar İran Azərbaycanı ve Tehranda türklərə qarşı basqıların artmasını dəyərləndirən Bulut Ələmdarım dediklərinə görə, hakimiyyət daxildəki müxalifləri əzir ki, xarici təhdid gələndə onların səsi çıxmasın.

Bulut Ələmdar Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:16:09 0:00

İstanbulda yaşayan türk fəal Amerikanın Səsi ilə söhbətdə bu vəziyyətlə əlaqədar xaricdəki fəalların üzərinə düşən vəzifə haqqında öz fikirlərini ifadə edib.

“Bu gün İran bölgə ölkələri ilə sıxıntı yaşamaqdadır. Beynəlxalq arenada da sıxıntı yaşayır. İnsan haqlarını əzməsindən dolayı, dünyada terorizmi yaymasından dolayı, başqa ölkələrdəki sülhü, sabitliyi qarışdırıb savaş çıxarmaqdan yana olduğu üçün sıxıntılı durumda. Bunun üçün yaralı ilan kimi deyir ki, içəridəki müxalifləri daha çox əzim ki, xaricdən təhdid gələndə ən azından içəridən az səs çıxsın,” Bulut Ələmdar söyləyir.

Hakimiyyət yaralı ilan kimi olub. Deyir ki, içəridəki müxalifləri daha çox əzim ki, xaricdən təhdid gələndə ən azından içəridən az səs çıxsın.

Son vaxtlar Tehranda 'Traktor' komandası azarkeşlərinin 21 yaşlı lideri Kazım Səfabəxş 13 il həbsə məhkum olunub. Həmçinin Tehranda fəaliyyət göstərən türk dil haqları fəalları Tovhid Əmir-Əmini və Kiyanuş Aslani müvafiq olaraq 9 il və 5 il həbs cəzası ilə üzləşiblər.

Ələmdarın sözlərinə görə, hakimiyyət İran Azərbaycanında güclənmiş milli hərəkatın paytaxt Tehrana yayılmasından qorxur:

“Türk fəallar xüsusilə də gənc nəsil sosial medianın gücü ilə təsir buraxmağa başladılar. Özəlliklə Tehrandakı böyük türk nüfusunun olduğunu nəzərə alsaq, orada da effektiv olmağa başladılar. Dövlət bunun önünü kəsmək istəyir. Dövlət deyir ki, siz öz bölgənizdə azdan çoxdan çalışdınız amma Tehran biraz təhlükə yaradır. Bizim Tehranda güclü olmağımızı önləyir.”

O, Traktor komandasının 21 yaşlı azarkeşlər lideri Kazım Səfabəxşə qarşı çıxarılan 13 il həbs cəzasını həmin kontekstdə dəyərləndirir.

Baxmayaraq ki, İranın hakimiyyətinin türk etnik icmasına qarşı siyasəti hər yerdə və hər zaman eyni olmuşdur, amma, Tehran məsələsində daha çox qorxdular.

“Mən dostumuz Kazım Səfabəxşin 13 il həbs cəzası almasını onun Tehranda daha çox fəal olması ilə əlaqələndirirəm. Baxmayaraq ki, genəl olaraq İranın türk icmasına qarşı siyasəti hər yerdə və hər zaman eyni olmuşdur, amma, Tehran məsələsində daha çox qorxdular,” siyasi fəal söyləyir.

Bulut Ələmdar hesab edir ki, basqıların kəskin artdığı bu dönəmdə milli hərəkata mənsub qüvvələr keçmiş illərdə olduğu kimi sosial və mədəni infrastruktur çalışmaları ilə məşğul ola bilərlər.

Onun dediklərinə görə, “biz biraz keçmişdə etdiyimiz fəaliyyətlərdən uzaqlaşdıq. Siyasi mücadilənin kültürəl infrastruktur çalışmaları olmalıdır. Siyasi mücadilənin sosioloji inkişafı olmalıdır. Biz bunları biraz gözardı etdik və daha çox meydan hərəkətləri, biraz da sosial media fəaliyyətinə girişdik. Doğrudur ki, dövlət sırf türk olduğumuzdan dolayı, mən türkəm dediyimiz üçün bizi müxalif olaraq görür və cəzalandıra bilir. Amma, yenə də biz bu müddətdə [daxildə] bəzi mədəni və sosiloji çalışmalara ağırlıq verə bilərik.”

O, hazırkı şəraitdə ölkə xaricində mütəşəkkil və əhatəli şəkildə fəaliyyət göstərə bilən bir insan haqları qurumunun yerinin boş olduğunu önə çəkir.

“Xaricdəki türk fəallar içəridəki fəalların yaşadığı təhlükəni yaşamırlar. Xaricdə mütəşəkkil və hər tərəfli çalışa bilən bir insan haqları qurumunu mən əskik görürəm. Biz içəridə yaşayan insanlarımızın səsi olmalıyıq. Xalqımızın səsini Birləşmiş Millətlərə, yaşadığımız ölkələrin parlamentlərinə və hökümətlərinə çatdırmalıyıq. Özəlliklə dost və qardaş ölkələrdə daha çox fəaliyyət etməliyik və milləti məarifləndirməliyik,” Bulut Ələmdar əlavə edir.

Şərhlərə bax

XS
SM
MD
LG