Jurnalist Taha Kirmaninin sözlərinə görə, İranda qeyri-fars icmaların hüquqlarını inkar edən hakim ideologiya mənsubları türklər və kürdlər arasında ixtilaf salmağa çalışırlar. Amma milli azlıqların əksər fəalları elə yetkinliyə çatıblar ki, çoxları əsas problemin hakimiyyət olduğunu dərk edir.
Kirmani Amerikanın Səsi ilə söhbətdə son vaxtar farsdilli media və İranın siyasi mühitində milliyyətçi sentimentlərin artmasını dəyərləndirib.
Onun fikrincə, qeyri-fars icmaların öz hüquqları uğrunda mücadiləsi ciddiləşdikcə, bu hüquqları inkar edən qruplar da daha aqressiv mövqedən çıxış edirlər:
Qeyri-fars millətlərin hüquqları getdikcə həm daha geniş kütlələr tərəfindən, həm də daha ciddi şəkildə tələb edilir. Tələb çoxaldıqca və ciddiləşdikcə qarşı tərəfdə də qarşdurma çoxalır.
“Qeyri-fars millətlərin hüquqları getdikcə həm daha geniş kütlələr tərəfindən, həm də daha ciddi şəkildə tələb edilir. Tələb çoxaldıqca və ciddiləşdikcə qarşı tərəfdə də qarşdurma çoxalır.”
Taha Kirmaninin sözlərinə görə, mövzu qeyri-fars icmaların tələbləri olanda, hakimiyyət və müxalifət eyni dillə danışırlar.
“Burada mən hakimiyyəti yalnız siyası iqtidar olaraq qəbul etmirəm. Bunu hakim kültür olaraq görürəm. Hakimiyyətdə olan fars-şiə kültüründən bəhs edirəm. Yəni, hakim kültürə mənsub aydınlar arasında, istər [siyasi] hakimiyyətdə olanlar istər müxalifətdə, qeyri-farsların tələblərinə müqavimət var,” o, söyləyir.
Keçən günlərdə Urmiyənin şəhər şurası iclasında çəkilmiş bir qısa video farsdilli media və sosial şəbəkələrdə geniş əks-səda doğurdu. Videoda, şəhər şurası üzvlərindən İran Azərbaycanının kürd icmasına mənsub Xalid Hatəmi Urmiyənin bələdiyyə başqanı Məhəmməd Həzrətpurun rəsmi iclasda türk dilində danışmasına etiraz edir. Bələdiyyə başqanı isə, sözlərini fars dilində yaxşı ifadə bilmədiyini önə çəkir. Urmiyə bələdiyyəsi iclasında baş verənlərə həm hakimiyyətə yaxın mühafiəzakar və islahatçı qruplar həm də, ölkə xaricində fəaliyyət göstərən müxalifətə mənsub qüvvələr tərəfindən təpki göstərildi. Tənqidçilərin çoxu fars dilinin milli simvol olduğunu vurğularkən, qeyri-fars icmalara mənsub fəalları etnik konflikt yaratmaqda günahlandırırlar.
Bunlar məsələni türk və kürd arasında göstərməyə çalışırlar, amma bu, fəallar tərəfindən alınmadı. Qeyri-fars fəallar əsas problemin hakimiyyətdə olduğunu biliblər.
Tanınmış türk və kürd fəalların bu olaya münasibətini dəyərləndirən Taha Kirmani deyir ki, cərəyan edən hadisələrdə türk və kürd fəalların "yetkinliyi" müşahidə olunur.
Urmiyə bələdiyyəsində baş verənlər haqqında sosial mediada fikirlərini paylaşan tanınmış kürd fəallar kürd siyasətçi Xalid Hatəmini tənqid edərkən, türk fəallar isə yayılan videonun qarşıdan gələn seçkilər üçün propaqanda mahiyyəti daşıdığını önə çəkdilər.
Kirmaninin sözlərinə görə, “hakim kültürə mənsub qruplar qeyri-fars fəalları bir addım geridən təqib edirlər. Biz burada türk və kürd fəalların olğunluğunu gördük. Amma qarşı tərəfdə yöndəmsiz bir qarşıdurma gördük. Bunların bəhanləri o qədər köhnəlib ki! Niyə qeyri-farsların haqqını vermirlər? ‘Türkün haqqını versək, kürd də istər. Gərginlik yaranar. Təhlükəsizlik problemi çıxar.’ Bu bəhanələri o qədər təkrar ediblər ki artıq təsirini itirib... Bunlar məsələni türk və kürd arasında göstərməyə çalışırlar, amma bu, fəallar tərəfindən alınmadı. Qeyri-fars fəallar əsas problemin hakimiyyətdə olduğunu biliblər.”