Accessibility links

Quba hadisələri ilə bağlı Cinayət Məcəlləsinin hansı maddələri ilə istintaq aparıldığı bəlli deyil


REAL hərəkatının həmsədri İlqar Məmmədov Amerikanın Səsi radiosuna bildirib ki, həbs və ya güc metodu problemin həlli deyil.

Rəsmi mənbələr 1 mart Quba iğtişaşlarının təhqiqatının gedişi barədə geniş məlumat vermir.

Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həbs olunanların sayı və kimliyi, hansı maddələrlə cinayət məsuliyyətinə cəlb olunmaları barədə sualların cavablandırmaqdan imtina edib. “İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deməklə o kifayətlənib.

Mətbuat Xidmətinin rəhbərinin dediklərindən məlum olub ki, cinayət işinin istintaqı Quba rayon prokurorluğundan alınaraq Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə verilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin martın 1-də yaydığı birgə məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. İstintaqın Cinayət Məcəlləsinin hansı maddələri ilə bağlı aparılması barədə indiyədək rəsmi məlumat verilməyib.

Xatırladaq ki, martın 1-də Qubada bir neçə min adam İcra Hakimiyyəti başçısının yerli sakinlərin ünvanına 2011-ci il noyabrın 22-də səsləndirdiyi təhqirə (icra hakimiyyəti başçısının dedikləri www.yotube.com saytında yerləşdirildikdən sonra) etiraz olaraq mitinq keçirib. Sonradan dinc mitinq iğtişaşa çevrilib. Etirazçılar icra hakimiyyətinin binasının şüşələrini sındırıb, icra başçısının evini yandırıb. Qubaya Daxili Qoşunlar və Çevik Polis Alayının qüvvələri yeridilib. İğtişaşçılar daş və asfalt parçaları ilə polis qüvvələrinə hücum edib. Polis isə gözyaşardıcı qazdan istifadə edib. Nəticədə hər iki tərəfdən xəsarət alanlar olub. Polis saxlanılanları buraxdıqdan və icra başçısının postdan kənarlaşdırıldığı elan edildikdən sonra camaat dağılışıb.

Son iki gündə Qubada dolaşan şayiələrə görə, 20-dən çox adam həbs olunub və onların əksəriyyəti Quba şəhərinin sakinləri deyil, Quba rayonun kəndlərinin, Bakının Nardaran və Maştağa kəndlərinin sakinləridir.

Öz növbəsində, Nardaran ağsaqqalları bu cür fikirləri inkar edərək Turan Agentliyinə bildiriblər ki, son günlər qəsəbə sakinlərindən heç kim saxlanmayıb və belə şayiələr qəsdən yayılır.

REAL hərəkatının həmsədri İlqar Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, həbs və ya güc metodu problemin həlli deyil. “Təbii ki, Qubada ev yandırılıb, qarşıdurma olub. Biz bunların əleyhinəyik. İlk öncə hakimiyyət problemin köklü həlli üçün islahatlar aparmalıdır. Yerli icra hakimiyyətlərinin səlahiyyətləri azaldılmalı, bələdiyyələrin statusu artırılmalıdır. Kurasiya (xanlıq) idarəetməsindən konstitusiyalı idarəetməyə keçilməlidir. 2013-cü ildə prezident seçkiləri ilə yanaşı yerli bələdiyyələrə də seçkilər keçirilməlidir. Seçkilər azad və ədalətli olmalıdır. Hakimiyyət xalq üçün çalışmalıdır”.

Onun fikrincə, Qubada qarşıdurmanın əsas səbəbi sosial ədalətsizlik, məmur özbaşınalığı, korrupsiya və rüşvətdir. “Artıq, hökumətin kadr təyinatına etimad azalıb. İstintaq yalnız baş verən hadisəni təhqiq etməməlidir. İstintaq hadisənin səbəblərini və vəzifəli şəxsin bu qədər dəbdəbəli evi hansı vəsaitlə tikdirdiyinə də aydınlıq gətirməlidir. Eyni zamanda, özünü xan kimi aparan kuratorların özlərinin, qohumlarının və yaxınlarının dəbdəbəli saraylarının da hansı maliyyə vəsaiti hesabına inşa olunmasına aydınlıq gətirilməldir”, - deyə o qeyd edib.

Cənab Məmmədov rayonda baş verənlərin səbəbinin başqa yerlərdə axtarılmasını düzgün hesab etmir.

XS
SM
MD
LG