Accessibility links

Milli Şura “İsmayıllı işi” ilə bağlı məhkəmə qərarına etiraz edir


İsmayıllı hadisələri

İsmayıllı hadisələri

Qurum məhkəmə qərarını kəskin pisləyən bəyanatla çıxış edib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) “İsmayıllı işi” ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarına etiraz edir.

Milli Şuranın bəyanatında deyilir ki, 2013-cü ilin yanvarında “İsmayıllı işi” ilə bağlı şəxslərin həbsə alınmasından başlayaraq məhkəmə qərarı çıxarılana kimi proses qanun pozuntuları ilə davam edib. Beynəlxalq təşkilatlar, xarici ölkə səfirlikləri səviyyəsində məhkəmə prosesinin siyasi xarakterli olması haqda rəylər bildirilib.

Bu il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsinin “İsmayıllı işi” ilə bağlı elan olunan hökmü dərin təəssüf hissi doğurur. “2013-cü ilin yanvarından bəri qanunsuz həbsdə saxlanılan REAL Hərəkatının lideri İlqar Tofiq Yaqublu 5, digər İsmayıllı məhbusları isə 3-3,5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Sənəddə deyilir ki, məhkəmə prosesində hadisənin əsl səbəbkar və günahkarları cəzadan kənarda saxlanıb, məmur özbaşınalığına, vəzifəli şəxslərin qanunsuz əməllərinə hüquqi qiymət verilməyib. “Məhkəmə öz haqq və hüquqlarını, heysiyyət və mənliyini qorumaq istəyən insanları cəzalandırıb. REAL Hərəkatının lideri İlqar Məmmədov və “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun “günahı” isə hadisə baş verdikdən bir gün sonra cəmi 20 dəqiqə bu rayonda olmasıdır. Ağır cəza almalarına baxmayaraq, məhkəmə bu şəxslərin hansısa formada proseslərə təsirini sübuta yetirməyib. Vəkillər istintaqın ittihamını darmadağın etsələr də, nəticədə siyasi sifariş öz işini görüb”, bəyanatda qeyd edilir.

Milli Şura bildirir ki, İ.Məmmədov və T.Yaqubluya, eləcə də İsmayıllı məhbuslarına elan edilən hökm ölkədə məhkəmə sisteminin ədalət orqanı yox, cəza aparatı olduğunu əyani şəkildə təsdiq edir. “Milli Şura “İsmayıllı işi” üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin apardığı saxta məhkəmə prosesinə, elan etdiyi hökmə etiraz edir. Siyasi mövqeyinə görə insanların təqib edilməsi, dövlət resurslarından müxalif düşüncəli şəxslərə qarşı istifadə olunmasını kəskin şəkildə pisləyir”, sənəddə deyilir.
XS
SM
MD
LG