Accessibility links

Sorğu: Bakı sakinləri Vladimir Putinin səfəri barədə nə düşünür? [Video]


Rusiya Federasiyasının prezidenti sabah Azərbaycana gəlir

​Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana işgüzar səfərə gələcək.

Prezident İlham Əliyevlə danışıqlardan sonra bir neçə ikitərəfli sənədin, o cümlədən energetika və nəqliyyat sahəsində sənədlərin imzalanması gözlənilir. Bu barədə RİA-Novosti məlumat yayıb.

“Rusiya nümayəndə heyətinin tərkibi göstərir ki, danışıqlar zamanı ikitərəfli münasibətlərə dair bütün kompleks məsələlərin müzakirəsi planlaşdırılır”, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, həmçinin “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft”in rəhbəri İqor Seçin və “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov daxildir.

İlham Əliyev və Vlaidmir Putin

İlham Əliyev və Vlaidmir Putin

Uşakov qeyd edib ki, avqustun 13-də Rusiya-Azərbaycan danışıqlarının aparıldığı zaman Rusiyanın Xəzər donanmasının gəmiləri, - “Dağıstan” raket gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisi Bakıda “dostluq səfəri”ndə olacaq.

Onun sözlərinə görə, qarşıdakı danışıqların yekunlarına əsasən ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır. Onların arasında Rusiya və Azərbaycan Fövqəladə Hallar Nazirlikləri arasında əməkdaşlığa dair kompleks plan da var. Bundan əlavə, nəqliyyat və energetika sahəsində sazişlər imzalanacaq.

“Ölkələrimiz arasında ikitərəfli əmtəə dövriyyəsi stabil artım tendensiyasına malikdir. 2012-ci ilin yekunlarına görə, 11% artaraq 3,4 milyard dollara çatıb. Cari ilin yanvar-may aylarında əmtəə dövriyyəsi 50% artıb”, - Uşakov bildirib.

Turan agentliyi isə bildirir ki, Rusiya və Azərbaycan neft-qaz sahəsində yaxşı əməkdaşlıq perspektivlərinə malikdir. Bu il iyulun əvvəllərində Bakıda Seçinlə Əliyevin, həmçinin ARDNŞ rəhbəri Rövnəq Abdullayevin görüşündə mümkün enerji layihələri müzakirə olunub.

Bundan əvvəl xəbər verildiyi kimi, “Rosneft” Xəzər dənizi şelfində “Abşeron” qaz yatağının işlənməsi üzrə layihədə iştiraka maraq göstərir.

2012-ci ildə Azərbaycandan Rusiyaya 1,55 milyard kubmetr qaz nəql olunub. 2013-cü ilin yanvar-iyun aylarında alış həcmi 0,88 milyard kubmetr təşkil edib.

Ehtimal edilir ki, qarşıdakı Bakı danışıqlarında Putin və Əliyev III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini də müzakirə edəcəklər. Forum oktyabrın 31-dən noyabrın 1-dək davam edəcək.

Həmçinin prezidentlərin beynəlxalq və regional məsələlərə, Xəzər dənizinin hüququ rejimi, Qarabağ münaqişəsinin nizamlanması problemlərinə toxunacaqları gözlənilir.

Rusiya prezidenti Vladimir Putin indiyədək Azərbaycana 3 səfər edib. V.Putin bundan öncə Azərbaycana 2006-cı ilin fevralında səfər edib.
XS
SM
MD
LG