Accessibility links

ABŞ Dövlət Katibi və Azərbaycan Prezidenti arasında telefon danışığı olub


Antony Blinken and Ilham Aliyev
Antony Blinken and Ilham Aliyev

Mayın 11-də Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya əsasən, tərəflər "Cənubi Qafqazda sülhə gedən yolda son müsbət dinamikanı və gələcək konkret addımları, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması və qalan erməni məhbuslarının azad edilməsini" müzakirə ediblər.

“Katib Blinken ABŞ-ın ikitərəfli qaydada və oxşar mövqeləri paylaşan tərəfdaşları ilə birlikdə, habelə ATƏT Minsk Qrupu həmsədri rolunda olaraq ölkələrə uzunmüddətli hərtərəfli sülh əldə etmək üçün yardıma hazır dayandığını bir daha vurğulayıb,” açıqlamada deyilir.

Dövlət Katibi həmçinin insan haqlarına və fundamental azadlıqlara hörmət etməyin vacibliyini vurğulayıb və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəmli rol oynadığını qeyd edib.

Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, telefon danışığı əsnasında ABŞ Dövlət Katibi Antoni Blinken bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib.

Rəsmi Bakının yaydığı məlumatda deyilir ki, ABŞ Dövlət Katibi Azərbaycanla Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.

Rəsmi Bakı söhbət əsnasında iki ölkə arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edildiyini bildirib.

XS
SM
MD
LG