Accessibility links

2022-ci ildə Azərbaycan dəmir yolları vasitəsi ilə 7,5 milyon ton tranzit yüklər daşınıb


TRACECA (Rəsmi xəritə, Mənbə TRACECA)
TRACECA (Rəsmi xəritə, Mənbə TRACECA)

Azərbaycan dəmir yolları vasitəsi ilə 2022-ci ildə tranzit yük daşımaları 2,9 milyon ton artaraq 7,5 milyon ton, ümumi daşıma isə 3,7 milyon ton artaraq 18,7 milyon təşkil edib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyilir.

Məlumatda deyilir ki, yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub.

“Tranzit daşımaları 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artaraq 2,9 milyon ton olub. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90% artım qeydə alınıb. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41% təşkil edib”, məlumatda qeyd edilir.

Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınıb və beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil edib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə Azərbaycan-Gürcüstan-Türkiyə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yol hesab edilir. Bu yol Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın, həmçinin Çinin Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, daha sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş”ə qoşulub.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.

Şimal-Qərb dəhlizi üzrə isə yüklər Şimal-Cənub dəhlizi ilə Azərbaycana gətirilir və buradan Bakı-Tbilsisi-Qars dəmir yolui xətti ilə daşınır.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi- Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA həmçinin maraqları bir araya gətirmək və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG