Accessibility links

Vətəndaş cəmiyyəti rəhbərləri Bəxtiyar Hacıyev və Əvəz Zeynallıya azadlıq xahişi ilə Azərbaycan prezidentinə müraciət edib


Bəxtiyar Hacıyev və Əvəz Zeynallı
Bəxtiyar Hacıyev və Əvəz Zeynallı

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Bəxtiyar Hacıyev və Əvəz Zeynallının həbsdən azad edilməsi xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

“Hazırda həbsdə olan hər iki şəxsin səhhətlərində ciddi narahatçılıqların olduğunu nəzərə alaraq, yazıb Sizdən onların istintaq dövründə seçilmiş həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərməyinizi xahiş edirik. Bəxtiyar Hacıyevlə Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslərdilər, hər ikisi dövlətini sevən, xalqına bağlı olan vətənpəvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə tamamilə bəraət alacaqlarına ümid edərək, Sizdən bu işə humanist müdaxilə etməyinizi xahiş edirik,” müraciətdə qeyd edilir.

Müraciəti 18 vətəndaş cəmiyyətinin rəhbəri, - Sabit Bağırov, Arzu Abdulla, Şəhla İsmayıl, Novella Cəfəroğlu, Fikrət Cəfərli, Səidə Qocamanlı, Mehriban Vəzir, Hafiz Həsənov, Azər Mehdiyev, Əhməd Əlili, Mirəli Hüseynov, Nəsimi Məmmədli, Samir Əliyev, İlqar Hüseynli, Mehriban Zeynalova, Mirvari Qəhramanlı, Rəsul Cəfərov və Ziya Quliyev imzalayıb.

Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə sosial şəbəkələrdə video müraciət yayıb.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 16 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə də 14 gün aclıq edib.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı “Baku Steel Company” MMC - poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG