Accessibility links

Azərbaycan və ABŞ Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə edib


Jeyhun Bayramov and Karen Donfried
Jeyhun Bayramov and Karen Donfried

Martın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

Mətbuat xidməti idarəsinin verdiyi məlumatda telefon söhbəti zamanı Ceyhun Bayramovun bölgədə mövcud olan ən son vəziyyət barədə məlumat verdiyi bildirilib.

“Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyəti bir daha qeyd olunub. Nazir həmçinin sülh sazişi üzrə danışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır olduğunu vurğulayıb”, məlumatda deyilir.

Mətbuat xidməti idarəsinin məlumatında Karen Donfridin öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğuladığı qeyd edilib.

“Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib”, məlumatda bildirilir.

Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin ofisi hələ telefon danışığı ilə bağlı məlumat yaymayıb.

Martın 1-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs olan Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Ramin Məmmədov görüşdən sonra bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar davam etdiriləcək.

Bundan sonra martın 5-də Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insident qeydə alınıb. Hər iki tərəfdən ölənlər və yaralananlar olub.

Azərbaycan Prezidentinin Adminsitrasiyası martın 13-də və 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib.

Həmin dəvətlərə cavabda tanınmayan Dağlıq Qarabağın rəsmiləri bildirib ki, Bakı ilə danışıqlar yalnız bərabərhüquqlu tərəflər kimi mümkündür.

Azərbaycan qeyri-hökumət təşkilatları nümayəndələrinin artıq 106 gündür Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edir. Aksiya iştirakçıları Azərbaycanın rəsmi qurumlarının faydalı qazıntı yataqlarında monitorinq aparılması üçün buraxılmasını və Rusiya sülhməramlı kontingentinin komandanı ilə görüş tələb edir. Bu günədək fəalların tələbləri yerinə yetirilməyib.

Ekspertlərin fikrincə, regionda gərginlik davam edir və silahlı insidentlərin baş verməsi mümkündür.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG