Accessibility links

ABŞ dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan.

Yanvarın 10-da Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışığı olub.

Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin ofisinin Twitter səhifəsində qeyd edilir ki, dövlət katibinin köməkçisi Donfrid Ermənistan və Azərbaycan xarici işlər nazirlərini Laçın dəhlizi ilə malların daşınmasını təmin etmək üçün dərhal diplomatik həll yolunun tapılmasına çağırıb.

“O, hər iki naziri davamlı sülhə nail olmaq prosesinə yenidən qoşulmağa təşviq edib”, məlumatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıq zamanı tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə edib.

“Nazir Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədildiyini diqqətə çatdırıb,” yayılan məlumatda bildirilir.

Azərbaycan rəsmisi Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı pozduğunu, Laçın yolundan hərbi təxribatlar və üçüncü ölkə vətəndaşlarının keçidi məqsədilə istifadə olunduğunu deyib. Bayramov habelə erməni tərəfinin Laçın yolunun blokadada saxlanılması barədə ittihamlarını rədd edərək "humanitar məqsədli" nəqliyyat vasitələrinin keçidinə maneə yaradılmadığını vurğulayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin Media və İctimai Diplomatiya Departamentinin məlumatında deyilir ki, Ararat Mirzoyan 2022-ci il dekabrın 12-dən Dağlıq Qarabağı birləşdirən yeganə yol olan Laçın dəhlizinin bağlanması nəticəsində humanitar vəziyyəti gündən-günə pisləşdiyini bildirib.

“Vurğulanıb ki, Azərbaycan öz əməlləri ilə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobud şəkildə pozur. Ermənistan tərəfi qeyd edib ki, guya Azərbaycan tərəfinin Laçın dəhlizinin bağlanması ilə bağlı ekoloji əsaslandırmaları və ittihamları yalandır. Nazir Mirzoyan vurğulayıb ki, Azərbaycan heç bir ilkin şərt olmadan, üçtərəfli bəyanatda təsbit olunmuş Laçın dəhlizi rejimini bərpa etməyə borcludur. Ermənistanın xarici işlər naziri həmsöhbətinə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələri də təqdim edib”, Ermənistan Xaricvi İşlər Nazirliyi bildirib.

Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir. Onlar Qarabağda aparılan faydalı qazıntı işlərinin ətraf mühitə ziyan vurduğunu iddia edir və ərazidə monitorinq aparılmasını tələb edirlər.

Ermənistan Laçın dəhlizinin bağlanması kimi qiymətləndirdiyi aksiyanın arxasında Azərbaycan hökumətinin durduğunu və nəticədə Qarabağda yaşayan ermənilərin blokadaya salındığını və humanitar böhranın yaşandığını bildirir.

Rəsmi Bakı yolun bağlanmadığını, humanitar və təcili tibbi yardım maşınlarının keçidinə imkan yaradıldığını bildirir.

Laçın yolunda gərginliklər 2022-ci ilin sentyabr ayında rusiyalı milyarder biznesmen Ruben Vardanyanın Qarabağa gəlişi və noyabrda Prezident İlham Əliyevin Vardanyanla Qarabağ ermənilərinin təmsilçisi qismində danışqılar aparmaq ideyasını rədd etməsindən sonraya təsadüf edir.

54 yaşlı Ruben Karlenoviç Vardanyan uzun illər Rusiyada biznesmen olaraq fəaliyyət göstərib. 2021-ci ilin iyununda Ermənistan vətəndaşlığı almazdan öncə Vardanyan Rusiyada Troyka Dialoq İnvestisiya Bankının baş icracı direktoru olub.

2022-ci ilin yanvarında ABŞ Nümayəndələr Palatasında təqdim olunan Putin Cavabdehlik Aktı qanun layihəsində Ruben Vardanyanın adı sanksiyalar hədəfində olan kleptokratlar siyahısında yer alıb.

2022-ci ilin sentyabrında Qarabağa köçmək planlarını elan edən Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyini bildirib. Bu addımdan bir ay sonra Ruben Vardanyana özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun Dövlət Naziri təyin edilib.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.

Mövzuya uyğun

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG