Accessibility links

Bir qrup ictimai fəal həbsdə olan jurnalistlərin ev dustaqlığına buraxılması xahişi ilə müraciət imzalayıb


Əvəz Zeynallı (Arxiv foto. Mənbə: VOA)
Əvəz Zeynallı (Arxiv foto. Mənbə: VOA)

Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, jurnalistlər və hüquq müdafiəçiləri prezident İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun həbsini ev dustaqlığı ilə əvəz etməyə çağırıb.

Müraciətdə jurnalistlərin səhhətində ciddi problemlər olduğu, təcili tibbi müayinədən keçmək zərurəti vurğulanmaqla yanaşı, nə Zeynallının, nə də Şükürovun cəmiyyət üçün təhlükə yaratmadığı bildirilir. Həmçinin həbsdə olan jurnalistlərin özlərini təqsirsiz saydıqları vurğulanır.

“Xural” media qrupunun rəhbəri Əvəz Zeynallı və “Səda TV” Youtube kanalının əməkdaşı Elnur Şükürov 2022-ci ilin sentyabrında müxtəlif ittihamlarla həbs olunduqdan sonra Bakı İstintaq Təcridxanasında saxlanılır. Lakin hər iki jurnalist həbslərinin siyasi motivli olduğunu iddia edərək onlara qarşı irəli sürülən ittihamları rədd edir. Artıq 3 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onların işi üzrə məhkəmə prosesi gedir. Saxlanılan müddətdə Zeynallının da, Şükürovun da görmə qabiliyyətində və səhhətində ciddi problemlər yaranıb və bu, təcili tibbi müayinədən keçməyi tələb edib”, müraciətdə qeyd edilir.

Müraciət müəllifləri ölkə prezidentini hər iki jurnalistin qarşıdan gələn 22 iyun Mətbuat Günü ərəfəsində ev dustaqlığına buraxılması üçün səlahiyyətlərindən istifadə etməyə çağırır.

Müraciətdə Zeynallının 1999-cu ildən Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olduğu, 2001-ci ildə “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru vəzifəsində çalışdığı, 2002-ci ildə “Xural” qəzetini təsis etdiyi vurğulanır. Bundan əlavə, Zeynallının 2015-ci ildən “Xural TV” Youtube kanalında yayımlanan “Qaynar qazan”, “Siyasət meydanı”, “Strateji dərinlik” kimi ictimai-siyasi verilişlərinə diqqət çəkilir.

“Bu onu deməyə əsas verir ki, onların hazırda ev dustaqlığına buraxılması ölkədə gərginliyin nisbətən azalmasına töhfə verə bilər və onların məhsuldar işini davam etdirməsinə şərait yarada bilər”, sənəddə qeyd edilir.

Müraciəti imzalayanlar prezident Əliyevi həmçinin jurnalistlərin hüquqlarını qorumağa və azad media məkanının inkişafına yardım etməyə çağırırlar.

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı ötən il sentyabrın 9-dan, “Səda TV”nin rəhbəri Elnur Şükürov isə sentyabrın 13-dən həbsdədir. Onlar rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunurlar. Amma jurnalistlər ittihamları qəbul etmir və özlərini təqsirkar bilmir.

Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.

Mövzuya uyğun

XS
SM
MD
LG