Accessibility links

Azərbaycan və İran yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işləri müzakirə edib


Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü və piyada keçidi.
Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsü və piyada keçidi.

İran tərəfi Prezident İlham Əliyev ilə mərhum Prezident Seyid İbrahim Rəisinin görüşü zamanı əldə edilmiş razılaşmaları iki ölkənin maraqlarına uyğun olaraq həyata keçirəcək.

Bu barədə İranın Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxberin iyunun 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər müzakirə olunub.

Prezident İlham Əliyev söhbət zamanı İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, görüşdə aparılmış müzakirələrin və əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunub.

“Qeyd edilib ki, bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlət başçısı bildirib ki, Azərbaycan onların icrası istiqamətində İran ilə birlikdə fəaliyyətini davam etdirəcək”, məlumatda qeyd edilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də İranın Azərbaycandakı səfirliyində İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verdikdən sonra diplomatik missiyanın müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi ilə söhbətində deyib ki, İran Prezidenti Seyid İbrahim Rəisi ilə faciədən əvvəl iki saatdan çox birlikdə olub, bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlərin müzakirə edilib.

“İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”, İlham Əliyev deyib.

İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilərin olduğu helikopter mayın 19-da Azərbaycanla sərhəddə, Araz çayı üzərində tikilmiş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının açılış mərasimindən geri dönərkən qəzaya uğrayıb. Nəticədə helikopterdə olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşimi və digər şəxslər həlak olub.

Forum

XS
SM
MD
LG