Accessibility links

Məişət zorakılığının qarşısının alınması üçün təkliflər və ekspert rəyi


Vətəndaş Hüquqları İnstitutu Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsindəki qanunvericiliyin beynəlxalq insan hüquqları standartlarına, xüsusilə qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısımnın alınması və ona qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyası (İstanbul Konvensiyası) və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (GEDAW) ilə nəzərdə tutulmuş tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklikər təklifi hazırlayıb.

Bu barədə Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bildirib.

Bəşir Süleymanlı -Vətəndaş Hüquqları İnstitutunun rəhbəri
Bəşir Süleymanlı -Vətəndaş Hüquqları İnstitutunun rəhbəri

Dəyişikliklər və əlavələr əsasən "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna, İnzibati Xətalar və Cinayət məcəllələrinə, həmçinin Cinayət Prossesual və Mülki Prossesual məcəllələrinə təklif edilir.

Düzəlişlər məişət zorakılığından zərərçəkmiş şəxsləri daha yaxşı müdafiə ilə təmin etmək, zorakılıq törədənləri təsirli şəkildə cəzalandırmaq və bu sahədə dövlətin öhdəliklərini yerinə yetirməsini təmin etməyə yönəlib.

Yeniliklər zorakılıq barədə məlumat verən şəxslərin konfidensiallığının təmin edilməsini, məişət zorakılığı zəminində törədilən bir sıra əməllərin kriminallaşdırılmasını və zərərçəkmiş şəxslərin ikinci dəfə zərərə məruz qalmaması üçün xüsusi prosedurların tətbiqini nəzərdə tutur.

Vətəndaş Hüquqları İnstitutu vətəndaş cəmiyyəti təşkilatlarını, mütəxəssisləri, hüquqşünas və vəkilləri öz təklif və qeydlərini təqdim etməyə çağırıb.

Əsasən, sənəd müəllifləri "məişət zorakılığı" anlayışının genişləndirilməsini təklif edirlər. Əgər hazırda bu, yaxın qohumlar tərəfindən qəsdən fiziki və ya mənəvi zərər vurma deməkdirsə, psixoloji və iqtisadi zərər vurmağın, habelə seksual xarakterli hədələrin və məcburiyyətin zorakılıq kimi qiymətləndirilməsi təklif olunur.

Məişət zorakılığı
Məişət zorakılığı

İşə, təhsilə qadağaya və digər iqtisadi xarakterli hüquqların pozulmasına yönələn hərəkətlər də məişət zorakılığına daxil olacaq.

Araşdırma üçün KİV məlumatlarının əsas kimi götürülməsi təklif edilir. Məişət zorakılığına məruz qalmış şəxslərlə məsləhətləşmələr üçün gecə-gündüz fəaliyyət göstərən "qaynar xətt" yaratmaq təklif olunur.

İnzibati Xətalar Məcəlləsinə iqtisadi hüquqların və ya təhsil almaq imkanlarının pozulmasına görə 300 manatdan 600 manatadək cəriməni nəzərdə tutan dəyişikliklər təklif edilib. Əgər belə hərəkətlər təkrarlanarsa, cərimə 2,5 min manatdan 5 min manata qədər artacaq. Əgər hərəkətlər fiziki güc tətbiq etməklə törədilərsə, 30 sutkaya qədər həbs tələbi nəzərdə tutulacaq.

Cinayət Məcəlləsinə düzəlişlərə əsasən, məişət zorakılığı zəminində cinayətlər ağırlaşdırıcı hal kimi qiymətləndiriləcək.

Həmçinin Cinayət Məcəlləsinin məişət zorakılığı zəminində qətl, sağlamlığa yüngül, az ağır və ağır zərər vurma maddələrinə də əlavə bəndlər təklif olunur.

133.1-1-ci maddəsinə - "döymə" məişət zorakılığı zəminində döyülməyə və psixi işgəncələrə görə 2 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan yeni bəndin əlavə olunması təklif edilir.

Məişət zorakılığı zəminində qanunsuz azadlıqdan məhrumetməyə görə 3 ildən 5 ilədək həbs təklif edilir. Həmçinin seksual zorakılıq məqsədilə təqiblərə görə yeni məsuliyyətin müəyyən edilməsi təklif olunur. Məişət zorakılığı zəminində zorlama 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun 2010-cu ildən qüvvədədir.

Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Qanuna görə, məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.

"Məişət zorakılığından zərər çəkmiş şəxs - bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkməsidir.

Məişət zəminində fiziki zorakılıq - şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır".

Qanuna görə, məişət zəminində cinsi zorakılıq - şəxslərdən birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 1536 şəxs məişət zorakılığından zərər çəkib.

"2021-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 24153 nəfərin 1536-sı və ya 6,4 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir. Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 18,2 faiz artıb. Onların da 78,5 faizini qadınlar (22,1 faiz artım), 0,7 faizini (1,5 dəfə azalma) isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,5 faiz artaraq 64 nəfər (onlardan 46-sı qadınlar) olub" , məlumatda qeyd edilir.

Mehriban Zeynalova
Mehriban Zeynalova

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da Amerikanın Səsinə bildirib ki, məişət zəminində zorakılıqlar son zamanlar çoxalıb.

please wait

No media source currently available

0:00 0:04:30 0:00

"Məsələn, ailədə zorakılıq qurbanları üçün Müdaxilə Mərkəzinə hər gün 7-8 nəfər müraciət edir. Onların bir qismi sosial problemlərdən, bir qismi isə zorakılıqdan şikayət edir. Son zamanlar məişət zorakılığı ilə müraciətlər çoxalıb".

Ekspert hesab edir ki, qanunvericliyi sərtləşdirməklə məişət zorakılığının qarşısını almaq mümkün deyil.

"Hamını həbsə salmaq da mümkün deyil. Alternativ cəzalar olmalıdır. Bir şilləni zorakılıq kimi qiymətləndirən də var, bu da düzgün deyil. Bu davamlı olarsa bəli, zorakılıqdır. Bəzən insan hansısa emosional vəziyyətdə bir şillə vurur, bunu psixoloqlar da zorakılıq kimi qiymətləndirmir. Amma təəssüf ki, bizdə fiziki zorakılıqla bağlı hallar çoxalmaqdadır. Psixoloji, iqtisadi zorakılıqla bağlı hallar cinayət kimi qiymətəndirlirmi? Bunlar da var. Əgər zorakılığa kompleks yanaşırıqsa, onda qadınlar da, kişilər də zorakılığa məruz qalır. Belə deyək ki, kişilər çox zaman zorakılığa məruz qalanda müraciət etmir. Bu səbəbdən də bütün zorakılıq hallarının normal təhlili olmalıdır".

Ekspertin fiktincə, ölkədə məişət zorakılığını döğuran əsas faktorlar bunlardır,- dini, sosial-psixoloji ənənələr, ənənələrdən doğan zorakılıqlar, psixoloji zorakılıq, narkotik təsiri altında zorakılıq, alkoqol təsiri altında zorakılıq, şübhələr əsasında zorakılq, sosial şəbəkənin təsiri altında zorakılıq, sosial rolların dəyişməsinə görə zorakılıq (bəzən qadınların aktivliyi kişinin zəif görünməsinə səbəb olur), və başqa. Bunlardan sosial-psixoloji faktorlar üstünlük təşkil edir və ailə modelində çatlara, etibarsızlığa səbəb olur.

Zeynalova hesab edir ki, məişət zorakılığının azaldılması üçün xidmət paketləri çoxaldılmalıdır.

"Qanunvericlikdə yenidən təkmilləşdirmə aparılmalıdır. Burada rolların bir-birini qısnamasının səbəblərinin qarşısı alınmalıdır. Cinslər hörmətə layiq olmalıdır. Cinslərin bir-birnin hüququna hörmətlə yanaşması üçün maarifləndirmə işləri gücləndirilməlidir. Bunların hamısı üçün müasir ailə modelinə uyğun bir yol xəritəsi hazırlanmalıdır" , o qeyd edib.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG