Accessibility links

“İsmayıllı işi” üzrə apellyasiya şikayətinə baxılır [Audio-Müsahibə]


İsmayıllı hadisələri

İsmayıllı hadisələri

Vəkil Nemət Kərimli məhkəmənin gedişi ilə bağlı Amerikanın Səsinə müsahibə verib

Mayın 20-də Şəki Apellyasiya Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbs edilənlərin şikayəti üzrə hazırlıq iclası keçirilib.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib.

ReAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

Bu gün proses bir saat yarım gecikmə ilə başlayıb, təqsirləndirilənlərin məhkəməyə gətirilməsində gecikmə olub. Məhkəmə zalında on nəfəri dar dəmir qəfəsdə oturdublar ki, bu da təqsirləndirilən şəxslərin etirazlarına səbəb olub. Bundan sonra İlqar Məmmədov, Tofiq Yaqublu və Elşən Qurbanovu qəfəsdən çıxararaq, vəkillərin yanına oturmağa icazə veriblər.

Prokuror Vidadi Cabbarov bildirib ki, ittiham tərəfi əvvəlki mövqeyində qalır və bütün müttəhimləri təqsirli bilir.

Bütün vəkillər müvəkkilləri barəsində qətimkan tədbirinin dəyişdirilməsi və apellyasiya məhkəməsində təhqiqat müddəti ərzində onların sərbəst buraxılması haqqında vəsatətlə çıxış ediblər.

Vəkil Fuad Ağayev bildirib ki, birinci instansiya məhkəmə iclaslarının protokolları tanış olması üçün müdafiə tərəfinə verilməyib. O, cinayət işinə xitam verilməsini və Məmmədovun təqsiri sübuta yetirilmədiyinə görə azad edilməsini tələb edib.

Məmmədov özü hakim ona müraciət etdikdə ayağa durmaqdan imtina edərək, burada nə məhkəmə, nə hakim olmadığını, onların siyasi sifariş yerinə yetirdiyini bəyan edib. Tofiq Yaqublu isə hakimləri vicdansız fırıldaqçılar adlandırıb.

Hakim İnşallah Xudiyev vəsatətlərin əksəriyyətini, o cümlədən qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti rədd edib və işə mahiyyəti üzrə baxılmasını iyunun 5-nə təyin edib.

Bununla belə, hakim apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması zamanı məhkəmə istintaqı aparılması haqqında vəsatəti qismən təmin edib.

Yaqublunun vəkili Nemət Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil, amma Ali Məhkəməyə kassasiya şikayəti verməyəcək, belə ki, məhkəmə, çətin ki, şikayəti təmin edə, nəticədə proses yalnız uzanacaq.

Onsuz da Avropa İnsan Hüquqları Məhkəməsi artıq Yaqublunun şikayəti üzrə kommunikasiyaya başlayıb, deyə vəkil bildirib.

Xatırladaq ki, mayın 22-də AİHM Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edəcək.

Bir müddət əvvəl Avropa İttifaqı, Fransa və Böyük Britaniya Xarici İşlər Nazirlikləri, ABŞ səfirliyi Məmmədov və Yaqublu barəsində məhkəmə qərarını pisləyib.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədovu və Yaqubunu “vicdan məhbusu” kimi tanıyıb.
XS
SM
MD
LG