Accessibility links

Ali Məhkəmənin Plenumu “Tərtər işi” üzrə 19 nəfərin cinayət işini apellyasiya instansiyasına qaytarıb


"Tərtər işi" üzrə həbs olunanların qohumları etiraz aksiyası keçirir (Arxiv foto)
"Tərtər işi" üzrə həbs olunanların qohumları etiraz aksiyası keçirir (Arxiv foto)

Sentyabrın 30-da Ali Məhkəmənin Plenumu "Tərtər işi" üzrə həbs edilən 19 nəfərin cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edib. Bəzi müşahidəçilər hesab edir ki, bu addım həmin şəxslərin bəraət alacağına işarə ola bilər.

Ali Məhkəmənin məlumatına görə, plenumda Baş Prokurorun müraciəti təmin olunmaqla məhkum Rauf Orucov və qeyrilərinin, habelə məhkum Nicat Rzayev və qeyrilərinin Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, sentyabrın 5-də Baş prokuror Kamran Əliyev “Tərtər işi” üzrə mühakimə olunmuş 19 nəfərin barəsində hökmlərə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib.

Eyni zamanda, Baş Prokurorluq "Tərtər işi"ndə işgəncə faktları ilə bağlı yeni həbs olunanların olduğunu bildirib.

Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, 16 dekabr 2021-ci ildə "Tərtər işi" üzrə istintaqın yenilənməsindən sonra müəyyən edilib ki, daha 288 nəfərə qarşı qanunsuz hərəkətlər törədilib və onlar zərərçəkmiş hesab ediliblər. Beləliklə, zərərçəkmişlərin ümumi sayı 405-ə çatıb.

Yenilənmiş istintaq zamanı vəfat etmiş Təmkin Nizamioğlunun cəsədinin eksqumasiyası aparılıb. Məhkəmə-tibb ekspertizası onun ölümünün işgəncə nəticəsində baş verdiyini təsdiqləyib.

Bundan əlavə, istintaqda zabitlər Bəkir Orucov və Ramil Əhmədovun ayrı-ayrı hərbi qulluqçulara qarşı işgəncələr tətbiq etməsi və onları qanunsuz olaraq azadlıqdan məhrum etməsilə bağlı ciddi şübhələr yaranıb, hər üç zabit həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələrilə ittiham irəli sürülüb.

Beləliklə, istintaqın yenilənməsindən sonra 17 nəfər müxtəlif maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilib. 12 nəfər həbs olunub, bir nəfərin barəsində axtarış elan edilib, 4 nəfər isə başqa işlər üzrə həbs cəzası çəkir.

Dövlətə xəyanət ittihamı ilə həbs edilmiş, lakin digər ittihamlarla məhkum olunmuş 26 hərbçidən 19-u bəraət alıb. Daha 7 nəfərin barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.

Bundan əlavə, istintaq zamanı vəfat etmiş Mehman Hüseynov və Elxan Ağazadənin barəsində cinayət işlərinə xitam verilməsi haqqında qərarlar ləğv edilib. Cinayət təqibinin əsassız olması səbəbindən işlərin bağlanacağı gözlənilir.

Yeni hallarla əlaqədar baş prokuror dövlətə xəyanət ittihamı ilə üç cinayət işi üzrə mühakimə edilmiş 19 nəfərin barəsində hökmlərə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət ünvanlayıb.

“Tərtər işi” barədə qısa məlumat

Son illərdə “Tərtər işi” ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanılan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərinə rəsmi olmayan məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.

Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.

AŞPA: İşgəncələr nəticəsində 11 nəfər ölüb

2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri “Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.

"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.

25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb," sənəddə deyilir.

Nəhayət, 2021-ci il noyabrın 1-də Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev bildirib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG