Accessibility links

Şahin Hacıyev: Rəsmi Bakı Vardanyanın Qarabağa gəlişini oyun qaydalarının pozulması kimi qiymətləndirir


Şahin Hacıyev
Şahin Hacıyev

Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Qarabağda son dövrlər baş verənlər, milyarder biznesmen Ruben Vardanyanın Rusiyadan Qarabağa gəlişi, regiondakı hərbi-siyasi ritorikadan danışıb.

Amerikanın Səsi: Prezident İlham Əliyev 2022-ci ilin noyabrında Avropa İttifaqının nümayəndəsi ilə görüşündə bildirib ki, "Azərbaycan Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Ruben Vardanyan kimi insanlarla yox." Prezident deyib ki, Vardanyan Moskvadan Dağlıq Qarabağa çox aydın gündəliklə göndərilib. Sizcə hazırda Dağlıq Qarabağın dövlət naziri kimi təqdim edilən Ruben Vardanyanı Moskva Dağlıq Qarabağa hansı gündəliklə göndərə bilər?

Şahin Hacıyev: Qısa desək, Bakı bunu oyun qaydalarının pozulması kimi qiymətləndirir. Yəni, bu nə deməkdir? Aydın məsələdir ki, bu təyinat, bu göndəriş Bakı ilə razılaşdırılmayıb və Bakının istəyinə zidd olub. İlham Əliyevin belə emosional reaksiyasını bununla izah etmək olar. O ki, qaldı Vardanyanı hansı məqsədlə göndəriblər? Söhbət bundadır ki, bir versiyaya görə, Vardanyanın Ermənistana transfer edilməsi məsələsi var. Yəni, Vardanyan Qarabağa gəlir, onun vasitəsi, iştirakı ilə orada sülh yaradılır. Bunun avtoriteti artır və sonradan o bir uğurlu siyasətçi kimi Ermənistanda hakimiyyətə gətirilir. Burada, təxminən Gürcüstanda baş verən proses, yəni İvanişvilinin hakimiyyətə gəlməsi kimi bir əməliyyat nəzərdə tutulub. Bunun arxasında Moskvada olan müəyyən siyasi qüvvələr, çox güman ki, Federal Təhlükəsizlik Xidməti dayanıb. Onlar da Putini inandırıblar ki, belə bir əməliyyat keçirmək olar və bu, baş tutacaq. Lakin həyat göstərdi ki, bu alınmır və indi Qarabağ ətrafında, bu sülh prosesi ətrafında ciddi gərginlik yaranıb. Bundan isə hələlik çıxış yolu görünmür.

Amerikanın Səsi: Artıq 24 gündür Laçın dəhlizində Azərbaycan ekofəalları etiraz aksiyası keçirir. Buna baxmayaraq Rusiya sülhməramlılarının komandanı aksiya işrirakçıları ilə görüşməyib və Azərbaycanın rəsmi nümayəndələrinin Dağlıq Qarabağdakı faydalı qazıntı mədənlərində monitorinq aparmasına imkan yaradılmır. Sizcə dinc aksiyanın sonu nə ilə nəticələnə bilər?

Ceyhun Bayramov Moskvada olarkən Lavrovla birgə keçirdiyi brifinqdə Bakının şərtini səsləndirb. O da nədən ibarətdir, Vardanyan Qarabağı tərk etməlidir. Yəni Rusiya öz ideyasından imtina etməlidir.

Şahin Hacıyev: Belə deyək də, burada əsəblər müharibəsi gedir. Söhbət ondandır ki, kim ilk zəiflik göstərəcək? Azərbaycan əgər bu addımı atıbsa sonacan getməlidir. Ceyhun Bayramov Moskvada olarkən Lavrovla birgə keçirdiyi brifinqdə Bakının şərtini səsləndirb. O da nədən ibarətdir, Vardanyan Qarabağı tərk etməlidir. Yəni Rusiya öz ideyasından imtina etməlidir. Eyni zamanda da İlham Əliyev də bildirib ki, Qarabağ erməniləri ilə bizim danışıqlarımız gedir və Moskvadan gələn emisarlarla yox, Qarabağda yaşayan ermənilərlə biz münasibətlər qurmağa hazırıq. Yəni, bu, Bakının mövqeyidir. Mən güman edirəm ki, ya Vardanyan Qarabağdan getməlidir və yaxud orada yenidən lokal müharibə baş verəcək. Bunun nəticəsi kimi, indiki yaranmış bu çıxılmaz vəziyyət dəyişiləcək. O ki, qaldı sülhməramlılara, onlar özlərini kifayət qədər ehtiyatlı aparır. Burada söhbət general Volkovun ekofəallarla görüşməsindən getmir. Burada söhbər ondan gedir ki, Qarabağda olan ermənilər, orada özlərini hökumət adlandıranlar, onlar Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdırlar ya yox. Əgər onlar bunun əleyhinədirlərsə bu o deməkdir ki, konflikt dərinləşəcək və yeni müharibə, yeni qan töküləcək və sair. Seçim indi bundadır. Seçim orada sülhməramlıların özlərini necə aparmasından getmir.

Amerikanın Səsi: Siz də qeyd etdiniz, hazırda beynəlxalq və yerli ekspertlər regionda yeni müharibə olacağı ilə bağlı mülahizələr irəli sürürlər. Sizcə regionda yeni silahlı qarşıdurma mümkündürmü? Bunun real nəticələri nə ola bilər?

Şahin Hacıyev: Əsəblər müharibəsi gedir
please wait

No media source currently available

0:00 0:09:21 0:00

Şahin Hacıyev: Təbii ki, bunu heç kəs istəmir. Mənə elə gəlir ki, Qarabağda yaşayan ermənilər də, hətta onların liderləri anlayır ki, yeni müharibə olsa, bu, o deməkdir ki, ermənlər Qarabağı birdəfəlik və həmişəlik itirəcəklər. Təbii ki, çalışırlar bunun qarşısını alsınlar. Lakin, ümumi ab-hava, orada illərlə yaradılmış atmosfer belədir ki, Qarabağ heç zaman, heç cür Azərbaycanın tərkibində ola bilməz. Lakin, son danışıqlara, son bəyanatlara fikir versək heç də Qarabağ liderlərinin hamısı bu mövqedə durmur. Vardanyanın təşkil etdiyi mitinqi diqqətlə izləsək, görərik ki, orada liderlərin hamısı iştirak etmir. Mitinqdə Vardanyandan başqa heç kəs çıxış etmədi. Yəni, qeyri-rəsmi məlumatlara görə, Qarabağ liderləri ilə danışıqlar aparılır və onun hansısa bir müəyyən nəticəsi var. Söhbət indi ondan gedir ki, Vardanyan bu prosesi poza biləcək, ya yox.

Amerikanın Səsi: Azərbaycan İranın Dağlıq Qarabağa azı iki dəfə hərbi mütəxəssislər göndərdiyini bildirib. Sizcə İranın Azərbaycan və Ermənistan arasında silahlı münaqişənin yenidən bərpa olunmasında hansı maraqları ola bilər?

Şahin Hacıyev: İranın marağı müharibənin bərpa olunmasında deyil. Onların marağı öz məqsədlərinə çatmaqdır. O da nədir? İranın regionda rolunun azalmasının qarşısını almaqdır. Yəni, İran indiyənədək dəfələrlə bəyan edib ki, regionda kənardan gələn siyasi və hərbi qüvvələr var. Bunları Azərbaycana irad tutub. Tələb edir ki, burada nəinki regiondan kənar, hətta qərbin, İsrailin, Amerikanın nümayəndəliyi, yaxud iştirakı olmasın. Bu məsələlərdə Bakı İranla hesablaşsın. Söhbət ondadır ki, bu, Bakıya Tehranın diqtə etməsidir. Bu da təbii ki, heç bir müstəqil dövlətin xoşuna gəlmir və konflikt bundadır. İranın marağı bir də ondadır ki, Azərbaycan, Cənubi Azərbaycanda, yəni İranda olan azərbaycanlıların mustəqillik uğrunda mübarizəsinə dəstək verməsin. Maraq ondadır ki, bu proseslər nəzarətdən çıxmasın.

Amerikanın Səsi: Regiondakı belə gərgin hərbi-siyasi durumda ABŞ-ın münaqişənin nizamlanmasında, münasibətlərin normallaşmasında rolu nə ola bilər?

Şahin Hacıyev: Qərbin ümumilikdə təsiri və yaxud rolu məhz Bakı ilə Yerevan arasında anlaşmadan asılıdır. Əgər, bu varsa onların iştirakı, köməyi kifayət qədər uğurlu ola bilər. Lakin, əgər Ermənistanla Azərbaycan razılığa gəlmirsə bütün bu cəhdlər heç bir nəticə verməyəcək. Ona görə də söhbər indi ondadır ki, qərb və Rusiya, hətta İran öz maraqlarına uyğun olaraq vəziyyəti ya gərginləşdirə bilər və yaxud yumşalda bilər. Bunun rolu bundan ibarət ola bilər ki, onlar bir-birinin əleyhinə addım ataraq bu proseslərə ya yardım edəcəklər, ya da ki, hansısa problem yaradacaqlar.

XATIRLATMA

Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir. Onlar Qarabağda aparılan faydalı qazıntı işlərinin ətraf mühitə ziyan vurdğunu iddia edir və ərazidə monitorinq aparılmasını tələb edirlər.

Ermənistan Laçın dəhlizinin bağlanması kimi qiymətləndirdiyi aksiyanın arxasında Azərbaycan hökumətinin durduğunu və nəticədə Qarabağda yaşayan ermənilərin blokadaya salındığını və humanitar böhranın yaşandığını bildirir.

Rəsmi Bakı yolun bağlanmadığını, humanitar və təcili tibbi yardım maşınlarının keçidinə imkan yaradıldığını bildirir.

Laçın yolunda gərginliklər 2022-ci ilin sentyabr ayında rusiyalı milyarder biznesmen Ruben Vardanyanın Qarabağa gəlişi, və noyabrda Prezident İlham Əliyevin Vardanyanla Qarabağ ermənilərinin təmsilçisi qismində danışqılar aparmaq ideyasını rədd etməsindən sonraya təsadüf edir.

54 yaşlı Ruben Karlenoviç Vardanyan uzun illər Rusiyada biznesmen olaraq fəaliyyət göstərib. 2021-ci ilin iyununda Ermənistan vətəndaşlığı almazdan öncə Vardanyan Rusiyada Troyka Dialoq İnvestisiya Bankının baş icracı direktoru olub.

2022-ci ilin yanvarında ABŞ Nümayəndələr Palatasında təqdim olunan Putin Cavabdehlik Aktı qanun layihəsində Ruben Vardanyanın adı sanksiyalar hədəfində olan kleptokratlar siyahısında yer alıb.

2022-ci ilin sentyabrında Qarabağa köçmək planlarını elan edən Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyini bildirib. Bu addımdan bir ay sonra Ruben Vardanyana özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun Dövlət Naziri təyin edilib.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG