Accessibility links

Azərbaycan sərhədçiləri İrandan gətirilən 20 kiloqramdan çox narkotik aşkar edib


İran sərhədində aşkar edilən narkotik (Foto Dövlət Sərhəd Xidmətinindir)
İran sərhədində aşkar edilən narkotik (Foto Dövlət Sərhəd Xidmətinindir)

Azərbaycan sərhədçiləri İrandan gətirilən 20 kiloqramdan çox narkotiki aşkar edərək götürüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir ki, yanvarın 30-da Füzuli rayonunun Qazaxlar kəndi (Bakıdan 210 kilometr cənub-qərb) yaxınlığında ümumi çəkisi 12 kiloqram 400 qram narkotik vasitə “marixuana”, həmin gün İmişli rayon Bəhrəmtəpə kəndi yaxınlığında ümumi çəkisi 8 kiloqram narkotik vasitə “marixuana” və 300 ədəd psixotrop tərkibli “metadon M-40” həbi aşkar olunaraq götürülüb.

Mətbuat Mərkəzi saxlanılanların olub-olmaması barədə məlumat vermir.

Ümumilikdə Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, ötən ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqram, 2021-ci ildə isə ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddələr qanusuz dövriyyədən çıxarılıb.

Komissiyanın digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.

XS
SM
MD
LG