Accessibility links

Müsavat Partiyasının üzvləri Elmar Hüseynovun məzarını ziyarət edib


Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalist Elmar Hüseynovun məzarı başında (Mənbə: Müsavat Partiyası)
Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalist Elmar Hüseynovun məzarı başında (Mənbə: Müsavat Partiyası)

Martın 2-də "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 19 il keçir. İndiyədək qətlin icraçıları və sifarişçiləri məhkəmə qarşısına çıxarılmayıb.

Martın 2-də Müsavat Partiyasının fəalları Elmar Hüseynovun xatirəsini yad etmək üçün onun məzarını ziyarət edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, bu günədək jurnalistin qatilləri və qətli sifariş verənlər tapılmayıb.

“Bu bir daha təsdiq edir ki, bu qətlin üstünün açılmaması marağında olan bir rejimdə yaşayırıq. Elmar Hüseynov sağlığında daim avtoritarizmə, diktaturaya qarşı mübarizə aparan, çox ciddi analitik yazıları ilə Azərbaycan ictimaiyyətinin diqqətini cəlb etmiş bir jurnalistdir. O Azərbaycan xalqı üçün, demokratiya və azadlıqlar uğrunda mübarizə aparan hər bir şəxs üçün bir nümunədir. O bizim yolumuza işıq salan bir mayakdır. Onun xatirəsi heç zaman unudulmayacaq”, Hacılı qeyd edib.

Tomb of Elmar Huseynov
Tomb of Elmar Huseynov

Hüquq müdafiəçisi Rüfət Səfərov Facebook səhifəsində bildirib ki, jurnalist Elmar Hüseynov hökuməti tənqid etdiyi üçün ağzından güllələdilər.

“Bu qanlı cinayəti hazırkı hökumətə bağlılığı heç bir şübhə doğurmayan killerlər icra etdi. O, qəhrəmandır! Xalq qəhrəmanı!” o qeyd edib.

Hökuməti və hökumət üzvlərini sərt tənqidi yazıları ilə tanınan jurnalist Elmar Hüseynov 2005-ci ildə yaşadığı evinin astanasında odlu silahla qətlə yetirilib. Baş Prokurorluq qətl faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4 və 228 (bilərəkdən xüsusi amansızlıqla adam öldürmə və qanunsuz odlu silah saxlama, gəzdirmə) maddələrilə cinayət işi qaldırıb. Prezident İlham Əliyev jurnalistin qətlini Azərbaycanın imicinə vurulan "qara ləkə" adlandıraraq cinayətin tezliklə açılması, sifarişçilərin və qatillərin cəzalandırılması üçün mümkün olan hər şeyin ediləcəyini bildirib.

Lakin 19 il keçməsinə baxmayaraq, bu qətlin icraçıları və sifarişçiləri məsuliyyətə cəlb edilməyib.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərə görə 10 min avro cərimələnib.

Forum

XS
SM
MD
LG