Accessibility links

Lənkəran İcra Hakimiyyətinin baş memarı və Psixiatriya xəstəxanasının şöbə müdiri rüşvət almaqda günahlandırılır


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Elgün Abdullayev rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

"Eləcə də, Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevin vətəndaşa xəstəliklə əlaqədar epikrizin təqdim edilməsi, eləcə də məzmununa bilə-bilə saxta məlumatlar daxil etdiyi tibbi sənədlərin həmin şəxsə əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müvafiq elektron sistemə göndərilməsi müqabilində ona müraciət etmiş sonuncunun qohumundan rüşvət almasına dair əsaslı şübhələr müəyyən edilib" , mətbuat xidmətinin məlumatında qeyd edilir.

Elgün Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib.

Günahlandırılan şəxslərin vəkilləri və yaxınları ittihamla bağlı hələ şərh verməyib.

Mövzuya uyğun

XS
SM
MD
LG