Accessibility links

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması Bəxtiyar Hacıyevin həbsini qanunsuz hesab edir


Bəxtiyar Hacıyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqadakı İllik Assambleyasında (Mənbə Samir Əliyevin Facebook profili)
Bəxtiyar Hacıyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqadakı İllik Assambleyasında (Mənbə Samir Əliyevin Facebook profili)

Siyasi fəal, vətəndaş cəmiyyəti təmsilçisi, eyni zamanda Milli Platformanın üzvü Bəxtiyar Hacıyev barəsində Bakı Şəhər Baş Polis İdarəsinin cinayət məsuliyyətinə cəlbetmə qərarı qərəzlidir. Bu qərar üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinin seçdiyi 1 ay 20 gün müddətində həbs qətimkan tədbirini də qanunsuz və əsassız hesab edirik.

Bu barədə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının dekabrın 11-də yayılan bəyanatında deyilir.

Milli Platforma bəyan edir ki, Bəxtiyar Hacıyev barəsində verilmiş qərar siyasidir və ona qarşı irəli sürülmüş, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri üzrə məsuliyyətə cəlbetmə qərarı dərhal, təxirəsalınmadan ləğv edilməli, onun Konstitusiyada təsbit olunmuş hüquqları bərpa edilməldir.

"Bu ittihamın 10 dekabr Beynəlxalq İnsan Haqları günü ərəfəsində verilməsi, xüsusən siyasi hökümətin insan haqlarına verdiyi dəyəri bir daha nümayiş etdirməkdədir. Milli Platforma olaraq Azərbaycan hökumətini Hacıyev barəsində bundan sonra da hər hansı qanusuz hərəkətlərdən çəkinməyə, onun sağlamlığı, ətraf mühitlə əlaqəsinin təmin edilməsi, hüquqi müdafiə vasitələrindən tam yararlanması ilə əlaqədar qanunvericikdə nəzərdə tutulan tədbirlərin görülməsinə çağırırıq" , sənəddə qeyd edilir.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması çoxsaylı qeyri hökumət təşkilatlarını birləşdirir. Platformanın əsas vəzifəsi Avropa İttifaqı Şərq Tərəfdaşlığı siyasətinin hazırlanması, icrası və monitorinqi prosesində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli iştirakını təmin etməkdir.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Barəsində qətimkan tədbiri seçilmək üçün dekabrın 9-da məhkəməyə göndərilib.

Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa ittifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən İllik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycna siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi və hökumətin tənqidçisi Bəxtiyar Hacıyevin həbs edilməsinə reaksiya verib.

"Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq" , Departamentin mətbuat katibinin müavini Vedant Patel qeyd edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Mövzuya uyğun

XS
SM
MD
LG