Accessibility links

Rusiyalı həkimlər Putini həbsdə olan Navalnıya “işgəncə verməyi dayandırmağa” çağırıblar


Bir qrup rusiyalı həkim prezident Vladimir Putini həbsdə olan müxalif siyasətçi Aleksey Navalnıya “işgəncələri dayandırmağa” çağıran açıq məktub dərc edib. Navalnı avqust ayından bəri 10-cu dəfə təkadamlıq kameraya salınıb.

Yanvarın 10-da Meduza xəbər saytı tərəfindən dərc edilən və 39 həkimin imzaladığı məktubda Navalnının səhhətinin getdikcə pisləşdiyi və saxlandığı koloniyanın məmurlarının ona dərman verməkdən imtina etməsinin onun həyatını təhlükə altına aldığı bildirilir.

“Tibbi baxımdan açıq-aydın görünür ki, Aleksey Navalnıya lazımi səviyyədə tibbi yardım göstərilmir və onun karserə salınması səhhətini daha da pisləşdirir” - deyə, məktubda bildirilir. Həkimlər həmçinin Navalnının cəzaçəkmə müəssisəsindən kənarda tibbi müayinəyə ehtiyacı olduğunu və lazım gəldikdə müalicə üçün adi xəstəxanayat köçürülməli olduğunu əlavə ediblər.

Navalnının vəkili Vadim Kobzev yanvarın 10-da bildirib ki, müvəkkilinin hazırda öskürək və qızdırması olduğu üçün tibbi yardıma ehtiyacı var.

Navalnı Moskvadan təqribən 260 kilometr şərqdə, Vladimir vilayətindəki 6 saylı Cəzaçəkmə Koloniyasında şərti azadlığa buraxılma və mənimsəmə faktını pozduğuna görə iki cəza çəkir.

O, 2021-ci ilin yanvar ayında 2020-ci ildə Sibirdə zəhərlənməsi səbəbi ilə müalicə aldığı Almaniyadan Moskvaya qayıtdıqdan sonra həbs edilib. Avropa laboratoriyaları Navalnının sovet dövrünə aid noviçok sinir maddəsi ilə zəhərləndiyini müəyyən edib.

Navalnı zəhərlənmədə Putini günahlandırıb, Kreml bu iddianı rədd edib.

Korrupsiyaya qarşı mübariz daha sonra xaricdə sağaldığı vaxt əvvəllər şərti azadlığa buraxılma şərtlərini pozduğuna görə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. İlkin hökm geniş şəkildə siyasi motivli qondarma iş kimi qiymətləndirilir.

Keçən ilin mart ayında Putinin ən sərt tənqidçilərindən biri olan Navalnı mənimsəmə və məhkəməyə hörmətsizlik ittihamları ilə ayrı bir iş üzrə doqquz il həbs cəzasına məhkum edilib. Navalnı və onun tərəfdarları bu ittihamları siyasi motivli olaraq dəfələrlə rədd ediblər.

XS
SM
MD
LG