Accessibility links

On fəal siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aclıq aksiyasını davam etdirir


Aclıq aksiyası (Fotonu aclıq edən Ruslan Əmirli təqdim edib)
Aclıq aksiyası (Fotonu aclıq edən Ruslan Əmirli təqdim edib)

Yanvarın 19-da Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyası 15 gündür davam etdirilir.

Bu gün 4 nəfər aclığı dayandırıb, daha 1 nəfər, AXCP fəalı Orxan Baxışlı aksiyaya qoşulub.

Müsavat Partiyasının qərargahında 11 gündür 7 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı aclıq edir. Bu gün AXCP-nin Ağdaş rayonunda aclıq edən 2 fəal da aclığı dayandırıb.

Hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 10 fəal aclıq aksiyasını davam etdirir.

Beləliklə, bu gün 7 fəal - AXCP üzvləri İsmailəddin Qasımov, Şirvan Sultanov, Akif Ağayev, Ruslan Əmirov, Hicran Ağayev, Elşən Xəlilov, Orxan Baxışlı aksiyanı davam etdirib.

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Amerikanın Səsinə bildirib ki, aclığı davam etdirir.

"Dünən səhhətim çox pis oldu. Qida tərkibi olmayab sistem köçürdülər. Hazırda böyrəklərimdə, mədəmdə, öd kisəmdə kəskin ağrılar var", o qeyd edib.

Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 19-da Tofiq Yaqublunun qızı Nigar Həzi ilə birgə onunla görüşüb, müayinə edib. Qeybullanın sözlərinə görə, Yaqublu artıq 15 gündür aclığı davam etdirir.

"Tofiq Yaqublunun vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. Qan təzyiqi, saturasiyası, nəbzi normaldır. Ona infuziya etdik, çünki aclıq səbəbindən bədənində elektrolitlər çatışmır. Yetərincə su qəbul etmədiyinə görə balans pozulub, halsızdır, ayağa dura bilmir", o qeyd edib.

Həkimin sözlərinə görə, Yaqublu xeyli çəki itirib, hazırda 80,7 kiloqramdır. O həbs edilnəd çəkisi 94 kiloqram olub.

İctimai fəal Bəxtiyar Hacıyev də aclığı davam etdirir.

İndiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq, həmçinin siyasi məhbuslara azadlıq tələbi ilə aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq", o bildirib.

Mövzuya uyğun

XS
SM
MD
LG