Accessibility links

Ali Məhkəmə Akif Çovdarovun müsadirə edilmiş əmlakının qaytarılması barədə qərarı ləğv edib


Aprelin 25-də Azərbaycan Ali Məhkəməsi hakim Rəşad Abdulovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi, polkovnik Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından Baş Prokurorluğun verdiyi kassasiya protestini təmin edib.

Qərara əsasən, əmlakların xüsusi müsadirədən azad edilməsi üzrə məsələ maddi və prosessual hüquq normalarının pozulması ilə həll edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilib.

Məhkumlar - Akif Çovdarov və Səlim Məmmədova münasibətdə əmlakların xüsusi müsadirəsi ilə bağlı məsələyə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq surətdə yenidən baxılması üçün cinayət işinin apellyasiya instansiyasında yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilib.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Akif Çovdarov və Səlim Məmmədovun cinayət işi ilə bağlı Bakı Hərbi Məhkəməsinin qərarı ilə müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə qərar qəbul edib. Ekspertlərin hesablamalarına görə, söhbət 30 milyon manatdan çox dəyəri olan əmlakdan gedir.

Akidf Çovdarovun müsadirə edilən əmlaklarına çoxsaylı evlər, villalar, bağ evləri, çoxmərtəbəli binalar, obyektlər, torpaq sahələri, meyvə-tərəvəz bazarı daxildir.

Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, mənimsəmə, quldurluq, hədə-qorxu ilə tələb etmə və digər çoxsaylı maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ildə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

Mövzuya uyğun

XS
SM
MD
LG