Accessibility links

Keçmiş deputat üçüncü ittiham üzrə məhkəmə qarşısına çıxarılacaq


Dünyamin Xəlilov (Arxiv foto. Mənbə: Milli Məclis)
Dünyamin Xəlilov (Arxiv foto. Mənbə: Milli Məclis)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir ki, istintaqla Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkmələri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilmədən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.

Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.

Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.

Dünyamin Xəlilov Bakıda tanınmış "Globus Plaza"nın sahibi olub. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Xəlilov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin qohumu və işçisi idi. Cahangir Hacıyevə məxsus "Şəki Bazarı" və "Şəki Ət Kombinatı" ASC-ni uzun müddət Xəlilov idarə edib. Azərbaycan Beynəlxalq Bankının bir filialı uzun illər "Globus Plaza"nın üçüncü mərtəbəsində yerləşib.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. O və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.

2018-ci il dekabrın sonlarında Baş Prokurorluq bildirib ki, Cahangir Hacıyevə qarşı yeni maddə ilə ittiham irəli sürülüb.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cahangir Hacıyev və keçmiş deputat Dünyamin Xəlilov ittihamları rədd edir.

XS
SM
MD
LG