Məhkəmə hüquq müdafiəçisinin işi üzrə apellyasiya şikayətini təmin etməyib

Oqtay Gülaliyev (Arxiv foto, mənbə VOA)

Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin işi üzrə prokurorluğun hərəkətlərindən verilən iddianın təmin edilməməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Azərbaycan prokurorluğu Gülalıyevin müayinə və müalicəsinə cəlb edilmiş həkimlərə qarşı cinayət işi açmaqdan dəfələrlə imtina etdikdən sonra Gülalıyevlər ailəsi məhkəmədə iddia qaldırıb.

2021-ci ilin dekabrında prokurorluq bir illik araşdırmadan sonra qənaətə gəlib ki, yol-nəqliyyat qəzasından sonra bir sutka ərzində Gülalıyevi müayinə və müalicə edən həkimlər günahsızdırlar. Fəalın ailəsi bu qərardan məhkəməyə şikayət edib. 2022-ci il aprelin 14-də Bakının Nəsimi Rayon Məhkəməsi şikayətə baxaraq prokurorluğun qərarını ləğv edib. Məhkəmə hesab edib ki, prokurorluq kifayət qədər araşdırma aparmayıb. Həkimlərin məsuliyyətinin yenidən araşdırılması üçün materiallar Nəsimi rayon Prokurorluğuna göndərilib. Lakin bu həkimlərə qarşı cinayət işi başlamaqdan imtina edib.

Prokurorluq Məhkəmə-Tibbi Ekspertizasının rəyinə istinad edərək hesab edib ki, “cərrahi əməliyyata qədərki müayinələr tam həcmdə”, “cərrahi əməliyyat isə texniki-taktiki baxımdan düzgün, kliniki protokola uyğun aparılıb” və “intensiv reanimasiya tədbirləri xəstənin faktiki vəziyyətinə uyğun olub”.

Lakin fəalın ailəsi hesab edir ki, məhz Gülalıyevə vaxtında və keyfiyyətli tibbi yardım göstərməyən həkimlərin günahından o, komaya düşüb. 2019-cu il oktyabrın 29-da axşam avtomobillə vurulan hüquq müdafiəçisini 1 saylı Kliniki Tibb Mərkəzinə aparıblar, həmin vaxt huşu özündə olub və nitqi normal olub.

Fəalın həyat yoldaşının sözlərinə görə, onu şəhər kliniki mərkəzinə apararkən müayinə göstərib ki, baş beyində qalınlığı 3 millimetrlik hematoma əmələ gəlib.

Səhərə yaxın hematoma 80 millimetrədək genişlənib. Oktyabrın 29-da axşam xəstə komaya düşüb, lakin bütün bu müddətdə həkimlər fəaliyyətsiz olublar. Bununla belə, məlumdur ki, həcmi 35 kubsanrtimetrdın çox olan kəskin subdural hematoma və ya 5 millimetrdən çox orta strukturların qarışığı olduqda zərərçəkənin gümrahlıq səviyyəsindən asılı olmayaraq hematomanın cərrahi yolla götürülməsi tövsiyə olunur.

Gülalıyevi vuran sürücü Kənan Abdullayevin işi üzrə məhkəmədə həkimlər etiraf ediblər ki, Gülalıyev xəstəxanaya daxil olduqdan dərhal sonra baş üçün MRT çəkiblər. Daha sonra təkrar MRT çəkilməliydi, amma etməyiblər. Bunu onunla izah ediblər ki, ailə Oqtay Gülalıyevi Baku City Hospital-a aparıb. Amma Oqtay Gülalıyev Kliniki Tibb Mərkəzdən çıxarılanda artıq koma vəziyyətində olub və belə vəziyyətdə Baku City Hospital-a qəbul ediblər və 30 oktyabradək heç bir tədbir görülməyib. Məhkəmədə həkimlər onu da etiraf ediblər ki, Gülalıyevin müayinəsinin nəticələrini yalnız 30 oktyabrda Baku City Hospital-a göndəriblər, o zaman artıq Respublika Neyrocərrahiyyə Xəstəxanasının cərrahları əməliyyata başlamışdılar.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. Oktyabrın 31-də isə o, City Hospital-da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib. Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib. Gülalıyev 2021-ci il noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.

Oqtay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

2021-ci il yanvarın 25-də Bakının Nəsimi rayon Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağlamlığına ağır zərər vuran sürücü Kənan Abdullayevi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər dəyməsinə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. Bundan başqa, Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.