Norveç Helsinki Komissiyası həbsdə olan AXCP fəalının azad edilməsi çağırışı ilə kampaniya keçirir

Niyaməddin Əhmədov və Əli Kərimli aksiya zamanı

Norveç Helsinki Komissiyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Niyaməddin Əhmədovun azad edilməsi çağırışı ilə beynəlxalq kampaniyaya başlayıb.

"Ağır işgəncələrə məruz qalmış Niyaməddin Əhmədov indi Azərbaycanda soyuq zindanda oturub. Ona kömək edəcəksinizmi? Niyaməddin saxta ittihamlarla daha 11 il həbsdə qalmalıdır. O, təcili həbsdən azad edilməlidir!" , Norveç Helsinki Komissiyasının müraciətində deyilir.

Niyaməddin Əhmədov (Mənbə Norveç Helsinki Komissiyası)

Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub.

2020-ci il aprelin 16-da karantin rejimini pozma və polisə müqavimət ittihamı ilə saxlanılıb və 30 sutka müddətinə həbs edilib.

Sonra səbəb kimi xaricdən pul alınmasını göstərərək ona qarşı terrorizmi maliyyələşdirmək ittihamı irəli sürülüb.

Əhmədov məhkəmədə bildirib ki, həbsdə olarkən işgəncələrə məruz qalıb, onu partiya liderinin əleyhinə ifadə verməyə məcbur ediblər. Lakin o, ifadə verməyib.

2021-ci il oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib. Martın 2-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hüquq-mühafizə orqanları Niyaməddin Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı məlumatları təkzib edib və bu bəyanatları özünümüdafiə kimi xarakterizə edib.