Accessibility links

Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma davam edir - tərəflər vəziyyətin gərgin olduğunu bildirir


Cəbhə xətti (Arxiv foto)

Azərbaycan-Ermənistan sərhədinin bir sıra istiqamətlərində sentyabrın 12-dən başlayan döyüşlər hələ də davam edir. Tərəflər döyüş əməliyyatlarının başlanmasında və davam etdirilməsində bir-birini günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Anar Eyvazov bildirib ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bir qrup kəşfiyyat diversiya qrupu Azərbaycan dövlət sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində ərazi relyefi və dərə boşluqlarından istifadə edərək hərbi bölmələrin arxasına sızaraq ətrafı minalamağa cəhd göstərib. O, qarşıdurmanın bundan sonra baş verdiyini bildirib.

Eyvazovun sözlərinə görə, hazırda Ermənistan tərəfi Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsəndə olan mövqelərini intensiv atəşə məruz qoyur. O, vəziyyət gərgin olaraq qaldığını və Azərbaycan hərbçiləri arasında əlavə itkilərin olduğunu bildirib. "Ermənistan geri çəkilməyə məcbur olub. Təəssüf ki, bizim də itkilərimiz var və bu barədə əlavə məlumat veriləcək," Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Sentyabrın 13-də Azərbaycanın verdiyi rəsmi məlumata əsasən döyüş əməliyyatları nəticəsində azı 50 hərbçi həlak olub.

Sentyabrın 14-də Ermənistan Baş Naziri Nikol Paşinyan isə parlamentdə çıxışı zamanı deyib ki, son döyüşlərdə Ermənistan ordusu 105 nəfər hərbçisini itirib. Baş nazir Azərbaycanın Ermənistanın müəyyən ərazisi üzərində nəzarəti ələ keçirdiyini deyib.

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) 4-cü maddəsi əsasında KTMT-yə müraciət edib. Bu maddəyə əsasən iştirakçı ölkələrdən birinə təcavüz digər dövlətlərə qarşı təcavüz sayılır. Biz Ermənistanın ərazi bütövlüyünü bərpa etmək və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasını təmin etmək üçün yardım və dəstək, o cümlədən hərbi dəstək üçün KTMT-yə müraciət etdik," o, qeyd edib.

Nikol Paşinyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyən edilməməsi iddiası doğru deyil.

"Ermənistan və Azərbaycan SSR-ni bir-birindən ayıran sərhədlər 1991-ci ildə imzalanmış MDB-nin məqsəd və prinsipləri haqqında Almatı bəyannaməsinə uyğun olaraq müəyyən edilib. Ona görə də sərhəd var və o, Azərbaycan tərəfindən iki mərhələdə pozulub: 2021-ci ilin mayında və indi. Ermənistan isə öz suverenliyini qorumaq üçün bütün diplomatik və hərbi-siyasi üsullardan istifadə etməlidir," o bildirib.

Sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, "genişmiqyaslı təxribatı məhz Ermənistan tərəfi törədib, buna görə bütün məsuliyyət bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".

Bu arada Azərbaycan tərəfi yüzədək erməni hərbçisnin cəsədini birtərəfli qaydada Ermənistana təhvil verməyə hazır olduğunu bildirib.

Mövzuya uyğun

XS
SM
MD
LG