Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev 12,5 kiloqram çəki itirib, ayağa dura bilmir, nəfəs darlığı var


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan haqları fəalı, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 18 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Yanvarın 26-da vəkil Zibeydə Sadıqova təcridxanada Bəxtiyar Hacıyevlə görüşüb. Görüşdən sonra Sadıqova Amerikanın Səsinə müsahibəsində deyib ki, Hacıyev aclığı davam etdirir və sonadək davam etdirmək əzmindədir.

"Onun səhhəti ağır olaraq qalır. Təsəvvür edirsiniz, son gündə çəkisi 1,2 kiloqram azalıb. Dünən çəkisi 73,2 kiloqram idi. Ümumilikdə isə Hacıyev 12,5 kiloqram çəki itirib, hazırda 72 kiloqramdır. Bakı İstintaq Təcridxanasına daxil olanda çəkisi 84,5 kiloqram olub. Tez-tez huşunu itirir, nəfəs darlığı yaranır. Ayaq üstə dura bilmir. Güclü deyil. Məsələn, televizorun pultunu, stəkanı əlində saxlaya bilmir. Qan təzyiqi çox aşağı olur, 90/60, nəbzi 76-dır, bədən temperaturu da 35.9 selsiyə düşüb. Rəngi tam ağarıb. Mental olaraq güclü olmasına baxmayaraq aclıq artıq öz gücünü göstərir" , vəkil qeyd edib.

Vəkil: Bəxtiyar Hacıyev 12,5 kiloqram çəki itirib, ayağa dura bilmir, nəfəs darlığı var
please wait

No media source currently available

0:00 0:04:05 0:00

Sadıqovanın sözlərinə görə, Hacıyev ötən gecələrdə bir neçə dəfə huşunu itirib, nəfəs darlığı yaşayıb.

"Bu zaman həkim və ya feldşer çağırıblar. O da gəlib sadəcə təzyiqini ölçüb. Davamlı həkim nəzarəti yoxdur. Bəxtiyar narahatdır ki, huşunu tez-tez itirir, nəfəs darlığı yaranır, əzələləri tez-tez keyləşir. Bu zaman beyinində və ürəyində problemlər yaşana bilər. O müraciət edib ki, Maqnit Rezonans Tomoqrafiyası və Kompüter Tomoqrafiyasından keçirilsin. Amma hələ də cavab almayıb. Həmçinin onun mədəsində qanaxma olmuşdu. Yanvarın 18-də analizlər verib və bu günədək analizlərin nəticələri ona təqdim edilməyib".

Vəkil deyib ki, sabah, yanvarın 27-də Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması barədə Xətai rayon Məhkəməsinin qərarından şikayətinə baxılacaq.

"Bəxtiyar Hacıyevin özü də məhkəməyə gətiriləcək. Ümid edirik ki, bu dəfə məhkəmə ədaləti bərpa edəcək. Bu ümid biz vəkillərdə həmişə var. Ümidlər heç zaman ölmür", Sadıqova qeyd edib.

Bu gün sosial şəbəkələrdə Bəxtiyar Hacıyevin müraciəti də yayılıb. Müraciətdə deyilir ki, son günlər cəmiyyətin bütün təbəqələrindən olan insanların, təşkilat və qrupların, siyasi partiyaların, KİV-lərin davamlı artan dəstəyini hiss edir.

"Haqsızlıq və ədalətsizliklə həyat və sağlamlığımla mübarizə apardığım kritik günlərdə bu, mənə böyük mənəvi dəstək verir. Anlayıram ki, boş yerə yaşamamışam, Azərbaycanda ədalətli, hüququn aliliyi təmin edilən sistemin qurulması istiqamətində mübarizəmiz boş yerə getməyib. Əminəm ki, səylərimizi birləşdirərək, səsimizi getdikcə ucaldaraq, səssizliyimizi tələblərimizlə əvəz edərək bir gün hamıya lazım olacaq ədalətli cəmiyyəti quracağıq. El bir olsa, dağ oynadar yerindən. Bir daha dəstəyinizə görə təşəkkürlər", Hacıyev qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 18 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq", o qeyd edib.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG