Accessibility links

Vəkil: Keçmiş səfir Eldar Həsənovun səhhəti pisləşib


Eldar Həsənov
Eldar Həsənov

Hazırda həbsdə olan Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun səhhətinin pisləşdiyi bildirilir. Vəkil Cavad Cavadovun sözlərinə görə, keçmiş səfirdə qəflətən yaranan başgicəllənmələri nəticəsində yıxılmaların sayı artıb.

Cavadov hüquqlarını müdafiə etdiyi şəxsin müalicəsinin təşkili üçün ədliyyə nazirinə müraciət edib.

“Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci ildə Eldar Həsənov ilə bağlı Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən müvəqqəti tədbir kimi üçüncü qərarını qəbul edib. Həmin qərara əsasən hökümət: - ixtisaslı həkimlər tərəfindən müvafiq hesab edilən ambulator və ya stasionar şəraitdə ərizəçinin həbsdə saxlanma yerində hər hansı zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını təmin etməlidir. 19 yanvar 2022-ci ildən başlayaraq, ərizəçinin sağlamlıq vəziyyəti və ərizəçi həbsdə qaldığı təqdirdə, göstərilən tibbi müalicə haqqında hər üç ayda bir dəfə məhkəməyə məlumat verməlidir. Mövcud durumun düzəldilməsi üçün Tibb Baş İdarəsinə bununla bağlı müvafiq tapşırıqlar verəsiniz,” vəkil Cavad Cavadov ədliyyə naziri Fikrət Məmmədova müraciətində qeyd edib.

Vəkil həmçinin Azərbaycan Prezidenti İlham Əliyevdən bu məsələnin qanunamüvafiq qaydada həll edilməsi üçün aidiyyatı qurumlara tapşırıqlar verməsini xahiş edir.

Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bildirib ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Eldar Həsənovun vəkili olaraq ədliyyə nazirinə və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ümumi qaydada ünvanladığı müraciətlərinə cavab ala bilmir.

Cavad Cavadov: Eldar Həsənovun səhhəti pisləşib
please wait

No media source currently available

0:00 0:03:06 0:00

“26 apreldən bu günə kimi Eldar Həsənovun səhhətində yalnız ağırlaşma baş verir və son 20 gündə parokziomal vertiqo (qəflətən yaranan başgicələnmə) nəticəsində yıxılmalarınn sayı yenidən intensivləşməklə artıb. Bundan əlavə hipertoniya, şəkərli diabet, boyun-bel nahiyyəsində olan ciddi xroniki problemləri və onun yaşı mövcud durumu daha da ağırlaşdırır. Bir müddət öncə ayaqlarının şişməsi nəticəsində hərəkət etməyində ciddi çətinliklər yaranmışdır.

Gündəlik qəbul etdiyi dərmanların sayı 32-dən aşağı düşmür. Gecələr dəfələrlə kritik durum yaranır, lakin təcili yardım maşını çağırmaq mümkün olmur,” vəkil qeyd edir.

Onun sözlərinə görə, özəl klinikalardan biri ilə ailə üzvləri müqavilə bağlayıb və kritik durumlarda təcili yardım çağırılması üçün icazə üçün Tibb Baş İdarəsinə edilən müraciətə və həmçinin iki aydan artıqdır həkim-nevropatoloq buraxılması üçün müraciətlərə cavab verilmir və təmin edilmir.

Öz növbəsində, Ədliyyə Nazirliyindən vəkilin müraciəti ilə bağlı şərh almaq mümkün olmayıb. Bu qurumun ictimaiyyətlə əlaqələr idarəsinin telefonlarına cavab verilmir. İnternet saytındakı ineraktiv sorğu hissəsində isə xüsusi kod işarələri qoyulub və həmin kod işarələri təsdiq edilmir deyə sorğu göndərmək mümkün olmur.

Penitensiar Xidmətdən Həsənovun səhhəti ilə bağlı məlumatların Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən almağı məsləhət biliblər. Tibb Baş İdarəsinin rəisinə və onun müavininə dəfələrlə zəng etməyimizə baxmayaraq Həsənovun səhhəti ilə bağlı hər hansı məlumat almaq mümkün olmayıb. Belə ki, Baş Tibb İdarəsinin rəisinin qəbul otağından sualımıza cavab veriləcəyini bildirsələr də, dəfələrlə zəngimizə eyni cavab verilib “sualınıza cavab veriləcək”, amma nəhayətdə cavab verilməyib.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, 21 yanvar 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə əmlakı müsadirə edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Eldar Həsənovla birgə ittiham olunan digər şəxslər barədə cinayət işi ayrıca icraata götürülüb və sonradan onların hamısı barəsində həbs qətimkan tədbiri dəyişdirilib və onlar şərti cəzaya məhkum ediliblər.

Bununla yanaşı, Həsənov həbsdə olarkən xəstəliyi ilə əlaqədar bir neçə dəfə hospitala köçürülüb. O, cərrahiyyə əməliyyatına məruz qalıb. Vəkillərin istintaq müddətində barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Keçmiş səfir özünü təqsirli bilmir və ittihamları əsassız hesab edir. Eldar Həsənov iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar onun siyasi iddiada olması barədə dövlət başçısına yalan məlumat ötürüblər.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub.

XS
SM
MD
LG