Accessibility links

Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın qarşısının alınması barədə qanun layihəsi müzakirə edilir


Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının aşkarlanması və qarşısının alınması ilə bağlı qanun layihəsi Milli Məclisdə I oxunuşda qəbul edilib.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi FATF-ın (Maliyyə Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrup) tövsiyələri əsasında hazırlanıb.

Qanun layihəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Qanun layihəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində önləyici tədbirlərin aşağıdakı istiqamətləri müəyyən edilir: Müştəri uyğunluğu tədbirləri; Üçüncü şəxslərə güvənmə; Məlumat və sənədlərin saxlanılması öhdəliyi; Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlar; Yeni texnologiyalar; Yüksək riskli zonalar; Daxili nəzarət proqramı.

Qanun layihəsinə uyğun olaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Qanun layihəsinin 2023-cü il fevralın 1-dən qüvvəyə minməsi təklif edilir.

Milli Məclsisin deputatı Kamal Cəfərov "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" mövcud qanun layihəsinin hazırlanması barədə danışarkən deyib ki, 2012-ci ildə FATF təşkilatının tövsiyələri yenilənib və həmin tövsiyələr Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərin icrasına nəzarət edən MONEYVAL Komitəsi (Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi) tərəfindən raundlar üzrə ölkələrə təqdim edilir və qiymətləndiriməsi aparılır.

"Həm FATF tövsiyələrinin yenilənməsi, həm də 5-ci raund qiymətləndirmənin həyata keçirilməsi yeni qanun layihəsinin hazırlanmasını zəruri edir. Layihədə virtual aktivlərin əmlak kateqoriyasına daxil edilməsi, maliyyə qruplarına yönəlik xüsusiləşdirilmiş nəzarət mexanizmlərinin qurulması, pul vəsaitlərinin elektron qaydada köçürülməsinə dair tələblərin formalaşdırılması, habelə müştəri uyğunluğu tədbirlərinin əsaslı yenilənməsi, həmçinin benefisiar mülkiyyətçinin müəyyən edilməsində konkret addımların atılması, müştəri uyğunluğu tədbirlərinin daha dəqiq müəyyələşdirilməsi və digər bu kimi yeniliklər öz əksini tapıb", o qeyd edib.

Xatırladaq ki, beynəlxalq tədqiqatlara görə, Azərbaycanda gizli iqsadiyyatın səviyyəsi çox yüksəkdir. Son illər hökumət bu sahədə islahatlar aparsa da, ekspertlər ölkədə monopoliyanın və məmur biznesinin hakim mövqedə olduğunu bildirir. Məhkəmə araşdırmaları zamanı həbs edilən məmurların dövlət büdcəsindən mənimsədiyi vəsaitlərin miqdarı on milyonlarla dollar hesablanır.

Transparency İnternational beynəlxalq şəffaflıq təşkilatının 2021-ci il üçün illik hesabatına görə, Azərbaycan korrupsiya indeksində 180 ölkə arasında 128-ci yerdədir. Ölkənin adı Avropada siyasətçilərin ələ alınması, habelə ali rəhbərliyin vəsaitlərinin yuyulması ilə bağlı bir neçə korrupsiya qalmaqalında yer alıb.

Mövzuya uyğun

XS
SM
MD
LG